İran İslam Respublikasının prezidenti Həsən Ruhani mayın 26-sı yerli tv kanalında çıxışı zamanı ölkə ərazisində elektrik çatışmazlığı səbəbindən kriptovalyuta mayninqinin sentyabrın 22-nə qədər qadağan edildiyini elan edib. İranda elektrik çatışmazlığının əsas səbəblərindən biri kimi kriptovalyuta mayninqinin çox enerji istehlak etməsi əsas gətirilir. İranda kriptovalyuta mayninqi lizensiyalı fəaliyyətdir lakin rəsmi məlumatlara əsasən hazırda ölkə üzrə maynerlərin 85%-i qeyri-leqal fəaliyyət göstərir.
Son aylar İranın enerji təchizatında problem yaşanır və ölkə üzrə bir çox yerlərdə növbə ilə elektrik enerjisini kəsilməsi baş verir. Bununla əlaqədar olaraq, İranın energetika naziri Reza Ardakanyan elektrik kəsilməsinə görə xalqdan üzr istəyib və ölkədə elektrik çatışmazlığının əsas səbəbləri kimi quraqlıq, isti hava, hidroelektrik enerjisi istehsalının azaldılması, istehlakçıların sayının artması, sənaye istehsalı sektorunun inkişafı və qeyri-leqal kriptovalyuta mayninqinin artmasını qeyd edib.

