Kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması adi vətəndaşların və həvəskar investorların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələndi. Bununla bərabər, qiymətlərin artması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib. Hazırda investorları maraqlandıran əsas suallar: kriptovalyutaların alışı və nağdlaşdırılması zamanı komissiyalar necə tutulur və kriptovalyuta gəlirindən vergi hansı formada ödənilir. Bu faktorları nəzərə alaraq, bu yazıda kriptovalyuta ticarəti zamanı tutulan komissiyalar və kriptovalyuta gəlirlərinin vergiyə cəlb edilməsi mexanizmi barədə məlumat verəcəm.
Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun qaydada 14% gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”-ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. Gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür. Vergi ödəyicisi tərəfindən kriptovalyuta ticarəti üzrə həyata keçirilən nağdsız ödəniş əməliyyatları Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq açılmış hesablar üzərindən aparılmalıdır. Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Kriptovalyutalar üzrə gəlirin hesablanması mexanizmi əslində olduqca mürəkkəb prosedurdur. Bunun üçün vergi bəyannaməsində kriptovalyutanın ilkin investisiya məbləği və aktivin nağdalşdırıldığı qiymət göstərilməlidir. Nəticədə, bu məbləğlər arasında fərqdən gəlir yaranırsa, o zaman bu gəlirdən 14% hesablanıb vergi ödənilməlidir. Lakin nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib bu prosedurun tətbiqi real nəticə verməyəcək. Kriptovalyuta birjaları və ya elektron ödəniş sistemlərinə vəsaitin mədaxil edildiyi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların təqdim etdiyi plastik kartlardan 10-18% vergi və xidmət haqqı tutulur. Yəni, vətəndaş qazanc əldə etmədən əvvəl bu rüsumu ödəmiş olur. Bu zaman belə bir sual yaranır – bu şəxs sonra niyə yenidən verg ödəməlidir?

Azərbaycanda kriptovalyutalara investisiya etmək istəyən şəxs ardıcıl olaraq 4 dəfə komissiya xərci ilə qarşılaşır:
- Birjaya mədaxil zamanı rüsum: bank tərəfindən tutulur;
- Birjada alqı-satqı zamanı tutulan komissiyalar: birjada hər əməliyyat üçün tutulur;
- Birjadan rəqəmsal vəsaitin məxaric edildiyi zaman tutulan komissiya: konkret tariflər əsasında birja tərəfindən tutulur;
- Bank hesabına mədaxil olmuş vəsaitin nağdlaşdırılması zamanı tutulan rüsum: banklar nağdlaşdırma komissiyası kimi tutur.
Qoyulan investisiya o dərəcədə rentabelli olmalıdır ki, bütün bu sadalığım komissiya xərclərini üstələyə bilsin. İstənilən halda kriptovalyuta alışı zamanı vətəndaş gələcəkdə aktivin qiymətinin artmasından aslı olmayaraq kifyaət qədər yüksək olan rüsümu əvvəlcədən ödəmiş olur. Bundan əlavə, birjalarda alqı-satqı əməliyyatları və məxaric üzrə komissiyalar ödəməlidir. Bütün bu xərcləri ödədikdən sonra vətəndaşdan könüllü olaraq yenidən 14% gəlir vergisini ödəmək üçün vergi bəyannaməsi təqdim etməsini gözləmək sadəlövlük olar.
Hesab edirəm ki, kriptovalyuta əməliyyatlarına vergi mexanizminin tətbiqi ədalət prinsiplərinə əsaslanmalı, fiziki və ya hüquqi şəxs olmasından aslı olaraq konkret tariflər əsasında müəyyən edilməlidir. Bu, həm rəqəmsal valyutaların alışı, həm də nağdlaşdırılması zamanı tətbiq edilən vergi və rüsumlara aiddir. Kriptovalyuta əməliyyatlarının leqallaşdırılması, sadələşdirilmiş prosedurlar və optimal vergi dərəcəsini tətbiq etməklə 3 önəmli məsələni həll etmək mümkündür:
- Azərbaycanda rəqəmsal aktivlər üzrə əməliyyatların statistik uçotunun aparılması;
- Kriptovalyuta əməliyyatları üzrə dövriyyənin vergiyə cəlb edilməsi;
- Maliyyə texnologiyaları üzrə yeni biznes fəaliyyəti növlərinin (mübadilə servisləri, mayninq fermaları, kripto-birjalar) meyadan gəlməsi.

Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Qazaxstan, Gürcüstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirlləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.

Elnur Quliyev / Crypto Consulting MMC
Azərbaycanda kriptovalyuta üzrə təlim
Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin
