Çində kriptovalyuta qadağasının əsas səbəbləri

Çin Xalq Bankı (Mərkəzi Bank) sentyabrın 24-ü bitcoin və digər kriptovalyutaların ölkə ərazisində istifadə edilməsini qadağan edən sənəd dərc etdi. Sənədə əsasən stabilkonlər də daxil olmaqla bitcoin və digər rəqəmsal aktivlərdən istifadə edən bütün əməliyyatlar qanunsuz maliyyə fəaliyyəti kimi təsnif edilir. Kriptovalyuta birjalarının Çin sakinlərinə göstərdiyi xidmətlər də qanundankənar hesab edilir. Çin hökuməti hesab edir ki, kriptovalyuta əməliyyatları çirkli pulların yuyulmasına şərait yaradır və ölkənin iqtisadi-maliyyə mühitinə təhlükə yaradır. Reallıqda isə əsl səbəb budurmu? Hesab edirəm ki, Çin hökümətinin kriptovalyuta qadağasının 3 əsas səbəbi var:

1. Çin öz rəqəmsal valyutası olan “rəqəmsal yuan”-ı yaxın gələcəkdə dövriyyəyə buraxmağa hazırlaşır. Mərkəzi Bank bitcoin və digər kriptovalyutaları rəqəmsal yuan (e-CNY) üçün potensial rəqib kimi görür və maksimum çalışır ki, dövlət səviyyəsində onların ölkə ərazisində dövriyyəsini məhdudlaşdırsın. Çin Sənaye və Ticarət Bankı (ICBC) iyun ayında öz müştərilərinə rəqəmsal yuanı nağd pula və əksinə konvertasiya etməyi icazə verən ilk bank olmuşdu. Hazırda rəqəmsal yuan bir neçə pilot şəhərlərdə ödəniş vasitəsi kimi test edilir.

2. Hüquqi tənzimlənmənin çətinliyi. Çin qanunları kriptovalyuta ilə edilən əməliyyatlardan irəli gələn hüquqları qorumaq imkanını təmin etmir və buna görə də, rəqəmsal aktivlərin istifadəçilərinin məhkəmə müdafiəsi imkanları yoxdur. Çin Mərkəzi Bankı hesab edir ki, kriptovalyuta əməliyyatları qanunsuz sərmayə toplama, fırıldaqçılıq və digər cinayət əməllərini asanlaşdırır və bu cür əməliyyatlar vətəndaşların əmlakının təhlükəsizliyini təhdid edir. Odur ki, siyasi və iqtisadi kontekstdə kriptovalyutalara tətbiq edilən məhdudiyyətlər rəqəmsal aktivlərin tənzimlənməsı və nəzarət edilməsi baxımından Çin tənzimləyici orqanlarının işini asanlaşdırır.

3. Çində elektrik enerjisi ilə bağlı təchizat problemləri. Ən iri kriptovalyuta maynerləri (mədənçilər) Çin ərazisində fəaliyyət göstərir və ölkə ərazisində elektrik enerjisi üzrə əsas istehlakçılardan hesab edilir. Kriptovalyuta mayninqi Çində kifayət qədər iri həcmli enerji istehlak edir ki, bu da Çinin karbon neytrallığı hədəfləri ilə ziddiyyət təşkil edir. Cari ildə Çinin bir neçə iri şəhərlərində enerji təchizatı ilə probləmlərin meydana gəlməsi müşahidə olnmuşdu. Bunu bəhanə edərək hökümət 2020-ci ilin mayın ayında mayninq şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağa başladı. Nəticədə, may ayından başlayaraq maynerlərin ABŞ, Kanada, BƏƏ, İslandiya, Qazaxıstana “böyük köç”-ü başlayıb və bu proses hələ də davam edir.

Çində sentyabrın 24-ü kriptovalyuta əməliyyatlarına qadağa qoyulması ilə bağlı xəbərdən dərhal sonra bitcoin-in qiyməti 7%-ə qədər ucuzlaşdı (42.000 dollar) və ümumilkdə kriptovalyuta bazarının bazar kapitalizasiyasının enməsinə səbəb oldu. Ümumiyyətlə, belə bir qadağa əslində sürpriz olmadı – 2013, 2017, 2019 və 2020-ci illərdə Çin tənzimləyici orqanları dəfələrlə ölkədə kriptovalyutaların dövriyyəsini məhdudlaşdırmağa yönəlmiş tədbirlər tətbiq etmişdi. Lakin bu tip qadağaların rəqəmsal aktivlərin qiymətinə təsiri müvəqqəti xarakter daşıyıb. Tarixən bitcoin-in qiyməti bu qadağalardan sonra daha da güclənərək yeni qiymət rekordları qırmağı bacarıb. Fakt odur ki, Çin göründüyü kimi kriptovalyuta bazarına güclü təsir qüvvəsini itirməyə doğru gedir.

Təcrübə göstərir ki, kriptovalyutaların hüquqi tənzimlənmsində “qadağan etmək” və ya “məhdudlaşdırmaq” metodu əks effekt verir. İqtisadiyyatın rəqəmsal transformasiyası rəqəmsal ödənişləri daha da zəruri edir. Zaman keçdikcə dünyada rəqəmsal aktivlərin sayı və onların tətbiqi istiqamətləri artır. Artıq kriptovalyutalar investisiya fondları və iri korporativ şirkətlərin investisiya portfelində mövqe tutmağa başlayıb.

Müəllif:  Elnur Quliyev / Crypto Consulting MMC

Leave a Reply