Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi

Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək mexanizmi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) tərəfindən təmin ediləcəkdir. Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət elektron qaydada təqdim edilməlidir.

Dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir. Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaqdır:

  • məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması; 
  • məhsulun idxalı əvəzləmək potensialı;
  • məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;
  • sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.

KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində www.smb.gov.az yerləşdiriləcək. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi

Leave a Reply