Türkiyədə ilk dəfə NFT üzrə fənn tədris ediləcək

Kriptovalyutalara olan marağın artması və rəqəmsal aktivlərin tətbiqi mexanizmlərinin genişlənməsi dünyanın aparıcı universitetlərin öz tədris planlarına bu mövzuda fənn və kursların salınmasını daha da aktual edib. 2016-cı ildən başlayaraq bir çox məşhur universitetlər blockchain texnologiyası, NFT və kriptovalyuta mövzusunda fənnləri tədris edirlər. Bəzi ölklərdə isə bu sektorun öyrənilməsi və tədqiqi üçün dövlət səviyyəsində dəstək göstərilir. Türkiyə də bu dövlətlər sırasındadır. Türkiyənin Mərkəzi Bankı 2021-ci ilin sentyabr ayında texnologiya şirkətləri olan Aselsan və Havelsan, Türkiyənin Elmi və Texniki Araşdırma Şurası (TÜBİTAK) və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzi (BİLGEM) ilə kriptovalyuta sektorunun tədqiqi üzrə birgə müqavilə imzaladı. Blockchain, rəqəmsal valyutalar, NFT və metaverse Türkiyədə tədrisi aktual olan əsas mövzulardır.

Türkiyədə NFT üzrə fənn tədris edən ilk ali məktəbi Ankara Universiteti oldu. “NFT-ye Giriş” (İntroduction to NFT) adlı fənn üzrə ilk mühazirədə Türkiyənin Prezident Administrasiyasının və mədəniyyət nazirliyinin yüksək vəzifəli şəxsləri də iştirak ediblər. Universitetin rektoru Necdet Ünüvar öz çıxışı zamanı NFT üzrə ilk tədris edən ali məktəb olduqları üçün məmnun olduğunu bildirib. Mədəniyət nazirinin müavini Özgül Özkan Yavuz tədbirdə çıxış edərək “Biz inanırıq ki, NFT gənclər arasında bədii yaradıcılıq, bacarıq və istedadların inkişafına təkan verəcək. Ankara Universitetinin NFT haqqında məlumatlılığı artırmaq üçün atdığı addım çox vacibdir” deyib. Türkiyə Prezidenti yanında Rəqəmsal Transformasiya İdarəsinin rəhbəri Ali Taha Koç “NFT-nin sırf texnologiya məsələsi olduğunu düşünməyin. NFT həm də bizim biznes təcrübələrimizə necə təsir edəcəyi barədə düşünməyə vadar edəcək hüquqi ölçüyə malikdir” deyib.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən tədris planına daxil edilib. “Kriptovalyutalar və kiber risklər” adlı fənn UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilindən MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris edilir. Bununla da, UNEC milli təhsil sistemində kriptovalyutalar mövzusunda fənn tədris edən ilk universitet olub.

Leave a Reply