Ukrayna prezidenti Vladimir Zelenski martın 16-sı ölkədə kriptovalyutaların dövriyyəsini tənzimləyən “Virtual aktivlər haqqında” qanunu imzalayıb. Bununla da, Ukraynada rəqəmsal aktivlərə hüquqi status verildi. Artıq ölkə vətəndaşları rəsmən kriptovalyutaları almaq, satmaq və ya sahib olmaq hüququna malik olacaq. Kripto-birjalar Ukraynada qanuni fəaliyyət göstərəcək, banklar isə kriptovalyuta şirkətləri üçün hesablar aça biləcəklər. Kriptovalyuta xidmətləri göstərən şirkətlər isə xüsusi icazə ilə fəaliyyət göstərəcəklər. Qanun layihəsinə əsasən kriptovalyutalar ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi tanınmır lakin vətəndaşlar mal və ya xidmət üzrə kriptovalyuta ilə ödəniş etdiyi zaman vasitəçi operator şirkətlər rəqəmsal aktivi milli valyutaya konvertasiya edərək ödənişləri həyata keçirmək imkanı əldə edəcəklər.
Rəqəmsal aktivlər bazarına nəzarəti Ukrayna Mərkəzi Bankı və Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası həyata keçirəcək. Bu iki qurumun əsas vəzifəsi rəqəmsal aktivlərlə bağlı dövlət siyasətinin formalaşdırılmaq və tənzimləmək olacaq. Bundan əvvəl bu sahədə tənzimləməni həyata keçirən Rəqəmsal İnkişaf Nazirliyi rəqəmsal aktivlərin tam tətbiqi üçün Vergi və Mülki məcəllələrə dəyişikliklər üzərində işləyəcək. “Virtual aktivlər haqqında” qanun Vergi Məcəlləsinə kriptovalyutaların vergiyə cəlb edilməsinin xüsusiyyətlərini əks etdirən dəyişikliklər edildikdən sonra qüvvəyə minəcək.

Ukrayna baş nazirinin müavini və Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov qeyd edib ki, hərbi əməliyyatlar başlayandan sonra kriptovalyutalar silahlı qüvvələri dəstəkləmək üçün əlavə maliyyə cəlb etməyə kömək edən effektiv maliyyə alətinə çevrilib. Son üç həftə ərzində Ukraynanın kriptovalyuta fondu rəqəmsal aktivlərdə 54 milyon dollardan çox ianə toplayıb. Ukrayna əhalinin kriptovalyuta sahiblərinin faizinə görə dünyada lider ölkələrdən biridi. 2022-ci ilin fevral ayına olan məlumata əsasən ölkədə 6 milyon vətəndaş kriptovalyutalara sahibdir ki, bu da əhalinin demək olar ki, 13%-ni təşkil edir.

Müəllif: Elnur Quliyev
