Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak martın 21-i LDPR fraksiyasının deputatları ilə görüşdə, kriptovalyuta mayninqi üzrə tənzimlənmə qaydalarının yaradılmasının Rusiya üçün faydalı olduğunu deyib.
Aleksandr Novak: “Mənim şəxsi fikrim budur ki, prinsipcə, kriptovalyuta mayninqi leqallaşdırılmalı və vergi münasibətləri sisteminə daxil edilməlidir. Ehtiyat gücümüz var. Bunun qanunvericilik səviyyəsində təsbit edilməsi vacibdir.”

Fevral ayında Rusiyanın maliyyə naziri Anton Siluanov da kriptovalyuta mayninqinə hüquqi statusun verilməsinin zəruriliyini qeyd etmişdi. Onun sözlərinə görə, mayninqə müvafiq iqtisadi fəaliyyət kodu təyin olunmalı və ondan vergi tutulmalıdır. Energetika nazirinin müavini Yevgeni Qrabçak isə bildirmişdir ki, kriptovalyuta mayninqinin leqallaşdırılması enerji şirkətlərinə kriptovalyuta fermaları haqqında texnoloji məlumatlar əldə etməyə və elektrik şəbəkəsindəki yükü proqnozlaşdırmağa imkan verəcək.
