Dubay Əmirliyinin hüquq-mühafizə orqanları rəqəmsal aktivlərlə qeyri-qanuni əməliyyatları izləmək üçün süni intellekt və blokçeyn (blockchain) texnologiyasından istifadə edəcəklər. Dubay polis briqadasının komandiri general Saleh Al Hamrani Ümumdünya Polis Sammitində çıxıışı zamanı bildirib ki, Dubay polisinin kibercinayətkarlıqla mübarizə bölməsi rəqəmsal valyutaların çirkli pulların yuyulması üçün istifadə edilməməsini təmin etmək üçün süni intellekt və blokçeyn kimi ən yaxşı texnologiyalar tətbiq edəcək.
Saleh Al Hamrani: “Texnologiya dünyanı dəyişir və polis bu dəyişikliyin bir hissəsidir. Cinayətkarlıqla mübarizə üzrə Dubay Polisi Daxili İşlər Nazirliyi ilə birlikdə davamlı olaraq monitorinqlər aparır və ən son texnologiyaları tətbiq etməyə çalışır. Dubay polisi blokçeyn texnologiyasının potensialından təkcə kibercinayətkarlığa qarşı deyil, həmçinin qəzaların qarşısının alınması, ölüm hallarının azaldılması, avtomobil və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi, hava limanlarında təhlükəsizliyin təmin edilməsi, həmçinin müəyyən hadisələrin inkişafının proqnozlaşdırılması üçün istifadə edəcək. Süni intellekt və blokçeyndən istifadə polisin üzləşə biləcəyi riskləri qiymətləndirəcək, bu da zabitlərin fövqəladə hallara daha yaxşı hazır olmasına və daha sürətli reaksiya etməyə imkan verəcək.”


