KOB-ların alternativ maliyyə resurslarına çıxış imkanları barədə təqdimat keçirilib

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” layihəsi çərçivəsində “KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda təqdimat keçirib. Tədbirin tərəfdaşları Kiçik və Orta biznesin inkişafı Agentliyi (KOBİA) və Birgə İnvest MMC olub.

Tədbiri giriş sözü ilə açan KOBİA-nın kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev kob-ların maliyyə mənbələrinə çıxışlarının təmin edilməsi üzrə dövlətin apardığı tədbilər barəsində məlumat verib. Daha sonra İqtisadi Resursların Öyrənilməsi mərkəzinin tədqiqatçısı, layihə rəhbəri i.f.d. Ruslan Atakişiyev “KOB-un Alternativ maliyyəyə çıxışı problemləri” mövzusundakı araşdırmanı iştirakçılara təqdim etmişdir. Təqdimatda sahibkarların ölkədə mövcud olan yüksək faiz dərəcələri, ağır girov şərtləri üzrə şikayətləri və sahibkarlıqla bağlı bir çox sahəvi statistik məlumatlar müzakirə edilmişdir. Bununla yanaşı, müasir alternativ maliyyə mənbələrindən hesab edilən vençur kapitalı, kraudfandinq və payda iştirak kimi vəsait cəlb etmə yollarından biznes camiyyəsinin məlumatlılığının çox aşağı olması faktını iştirakçıların diqqətinə çatdırdı. Sonda Birgə İnvest MMC-nin layihələr üzrə baş meneceri Elnur Quliyev “Dövlətin yeni maliyyə dəstəyi mexanizmi” mövzusunda çıxış edərək Birgə İnvest-in maliyyələşmə mexanizmi barədə təqdimat etmişdir. Onun Azərbaycan maliyyə bazarına yeni daxil olmuş və dövlət tərəfindən maliyyləşən Birgə İnvest-in biznes layihələrinə ortaqlıq şərtləri və ölkəmizdə ilk dəfə faizsiz borc verilməsi mexanizmi barədə təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Tədbirdə Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, AZPROMO-nun, KOBİA-nın, Birgə İnvest MMC-nin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İnnovasiyalar Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, UNEC KOB Tədqiqat mərkəzinin nümayəndələri, tədqiqatçılar, doktorantlar, müəllimlər, sahibkarlar və tələbələr iştirak etmişdir.

Leave a Reply