“Teknofest Azərbaycan” festivalı keçiriləcək

  26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq. Festival “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçiriləcək. “Teknofest Azərbaycan”-ın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Müsabiqələr haqqında daha ətraflı teknofest.az/az/competitions tanış ola bilərisiz.

“Teknofest Azərbaycan”-ın sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur. Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Festival üçün təşkil olunmuş xüsusi avtobus reysləri: Tədbir zamanı 28 may m/st-nın yaxınlığından tədbirin keçiriləcəyi əraziyə (Bakı Kristal Zalı) saat 8:30 – 18:00 aralığında və əks istiqamətdə 9:00 – 21:00 aralığında ödənişsiz avtobus fəaliyyət göstərəcəkdir.

Qeyd: “Teknofest Azərbaycan”-da iştirak etmək üçün iticket.az-da online qeydiyatdan keçməklə ödənişsiz bilet almaq lazımdır.

Tədbirin keçiriləcəyi əraziyə piyada getmək üçün aşağıdakı yollardan istifadə etmək olar:

  • JW Marriot Absheron Baku Otel – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (4.7 km);
  • Sahil m/st – yeraltı keçid – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (3.7 km);
  • Azərbaycan Dövlət Kukla Teatrı – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.9 km);
  • Azneft meydanı – yeraltı keçid – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.5 km);
  • Azərbaycan Milli Xalça Muzeyi – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.2 km);
  • Dəniz Mall – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.0 km).

Festivalın keçirildiyi əraziyə gediş/gəliş üzrə xəritə:

Məlumat üçün qeyd edək ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.

Leave a Reply