Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance mayın 25-i Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi ilə anlaşma memorandumu imzalayıb. Memarandum Binance-in rəhbəri Changpeng Zhao (CZ) Qazaxıstana səfəri zamanı imzalanıb. O, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleimenov və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Baqdat Musin ilə görüşüb. Görüş zamanı Qazaxıstanın ixtisaslaşmış strukturları ilə Binance arasında rəqəmsal maliyyə sektorunda uzunmüddətli əməkdaşlığın perspektivləri, blokçeyn texnologiyaları sahəsində birgə təhsil proqramlarının həyata keçirilməsi müzakirə olunub. Əməkdaşlıq sazişi çərçivəsində Binance birjası Qazaxıstanda kriptovalyutaların tənzimlənməsi üçün qanunvericilik bazasının və siyasətin hazırlanması ilə bağlı konsultasiya edəcək. Bundan əlavə, Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi və Binance bank infrastrukturunu kriptovalyuta bazarına inteqrasiya etmək imkanlarını tədqiq edəcəklər.
Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Naziri Bağdat Musin: “Changpeng Zhao ilə birlikdə Qazaxıstanda Binance-nin Yol Xəritəsini nəzərdən keçirdik. Biz həmçinin Astana Hub-dan yerli istedadların qlobal bazara çıxmasına kömək etmək üçün blokçeyn mərkəzli vençur kapitalı fondu və akademiya yaratmaq potensialını müzakirə etdik. Biz inanırıq ki, Qazaxıstan kriptovalyuta dünyasında beynəlxalq oyunçular üçün regional mərkəzə çevrilə bilər”.




