Yaponiya stabilkoinlər haqqında qanun qəbul etdi

Yaponiya parlamenti iyunun 3-də treyderlərin və investorların maraqlarını qorumaq məqsədilə stabilkoinlərin (stablecoin) dövriyyəsini tənzimləyən qanun qəbul etdi. Yeni qanun layihəsinə əsasən, stabilkoinlər rəqəmsal pul hesab olunacaq. Stabilkoinlər 1:1 nisbətində Yapon yeni və ya digər qanuni ödəniş vasitəsi ilə dəstəklənməlidir. Qanun 2023-cü ilin iyun ayında qüvvəyə minəcək. Stabilkoinlər yalnız lisenziyalı banklar, qeydiyyatdan keçmiş pul köçürmə agentləri və trast şirkətlər tərəfindən buraxıla bilər. Yaponiya Maliyyə Xidmətləri Agentliyi yaxın aylarda stabilkoin emitentlərini tənzimləyən qaydaları açıqlayacaq.

2022-ci ilin fevral ayında Yaponiyanın ən iri bank qrupu Mitsubishi UFJ (MUFG) yapon yeni ilə dəstəklənən sabit kriptovalyutaların buraxılması üçün Progmat Coin platformasını təqdim etmişdi. Bank 2023-cü ildə öz stabilkoinini buraxmağı planlaşdırır.

Stablecoinlər kriptovalyuta sənayesinin mühüm elementidir və onların hazırda ümumi bazar kapitalızasiyası 161 milyard dolları ötüb. Lakin investorların may ayında milyardlarla itkilərə məruz qalmasına səbəb olan Terra layihəsinin iflasından sonra tənzimləyicilər stabilkoinlərə şübhə ilə yanaşmağa başladılar. Hətta hazırda ən populyar stabilkoin olan USDT müvəqqəti olaraq 1:0,95 ABŞ dolları nisbətində ticarət edildi. Bu səbəbdən bir çox dövlətlər investorları maliyyə itkilərindən qorumaq üçün stabilkoinlərin tənzimlənməsi qaydalarını hazırlamaqda maraqlıdırlar. Yaponiya TerraUSD-nin iflasından sonra dünyanın diqqət mərkəzində olan stabilkoinlər üçün qanunvericilik bazasını qəbul edən ilk ölkə oldu.

Leave a Reply