Blockchain üzrə dünyada universitetlərdə ölkə miqyasında təhsil proqramını tətbiq edən ilk ölkə Qazaxıstan oldu. Qazaxıstan Respublikasının rəqəmsal inkişaf və aerokosmik sənaye naziri Baqdat Musin, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Milli Bankın “Ödəniş və Maliyyə Texnologiyalarının İnkişafı Mərkəzi” ASC-nin İH-nin sədri Binur Jalenov 19 dekabr tarixində “Binance Kazakhstan” (Jaslan Madiev) ilə akademik əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu memorandum çərçivəsində Binance birjası ölkənin 22 ixtisaslaşdırılmış universitet və kolleclərdə blokçeyn mühəndisliyi kurslarına dəstək verəcək, tədris materialları ilə təmin edəcəkdir. Birja 2026-cı ilə qədər 40.000-dən çox tələbəyə blokçeyn texnologiyası haqqında təlimlər keçməyi hədəfləyir.
Binance, layihə çərçivəsində Qazaxıstanın Milli Bankı və Astana Beynəlxalq Maliyyə Mərkəzi tərəfindən açılmış “Blockchain Center” tədqiqat laboratoriyası ilə əməkdaşlıq edəcək. Tələbə təhsil proqramı 2023-cü ilin sentyabrında başlayacaq. Proqram dörd mərhələdə həyata keçiriləcək:
- birinci mərhələdə Binance Academy-nin tədris materialları əsasında universitet müəllimləri üçün akademik təlim proqramları hazırlanacaq;
- ikincisi mərhələdə Binance Academy komandası ilə birlikdə universitet müəllimlərinə akademik proqramlar üzrə təlim keçiriləcək;
- üçüncü mərhələdə təhsil almış müəllimlər və universitetlərin rəhbərliyi ilə birgə ixtisaslaşmış akademik proqramın hazırlanması həyata keçiriləcək;
- yekun mərhələdə tələbələr üçün ixtisaslaşma təliminə start veriləcək.
Elm və ali təhsil naziri Sayasat Nurbek: “Bu gün Qazaxıstan dünyada blokçeyn sənayesi üzrə standart təhsil proqramını ölkə daxilində tətbiq edən ilk dövlət oldu. İqtisadiyyatımız üçün rəqabətədavamlı mütəxəssislərin hazırlanmasında maraqlı olmaqla, biz İT sektorunun nümayəndələri ilə birlikdə bu sahədə təhsil layihələrinin gələcək inkişafı üçün möhkəm zəmin yaradırıq. Əminəm ki, səmərəli əməkdaşlığımız sayəsində Qazaxıstan ali təhsil sistemi təkcə Qazaxıstan iqtisadiyyatının ehtiyacları üçün deyil, həm də qlobal əmək bazarı üçün blokçeyn sənayesi sahəsində peşəkarların təchizatçısına çevriləcəkdir. Gələn ilin fevral ayından “Binance Akademiyası”-nın ən yaxşı müəllimləri ölkənin 22 universitetinin müəllim və professorlarını hazırlayıb sertifikatlaşdıracaqlar. Sentyabr ayından isə Qazaxıstan universitetlərinin təxminən 40.000 tələbəsi üçün blokçeyn texnologiyaları, kripto-mühəndislik, kripto-təhlükəsizlik üzrə təlimlərə başlayırıq.”
Rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin: “Binance Academy ilə memorandumun imzalanması Changpeng Zhao-nun 2022-ci ilin mayında ölkəmizə səfəri zamanı Binance ilə qurulan əməkdaşlığımızın məntiqi davamıdır. Biz bir neçə istiqamət üzrə işləmişik. Dövlət başçısının qeyd etdiyi kimi, Qazaxıstanda kriptovalyuta sənayesi və ümumilikdə rəqəmsallaşma getdikcə geniş vüsət alır. Ona görə də biz bu tendensiyanı izləməli və müxtəlif layihələrə başlamalıyıq ki, bu yeni texnologiyanın nədən ibarət olduğunu izah edəcək təlimlər və maarifləndirici kurslar keçirək. Bu müqavilə çərçivəsində kadr hazırlığı Qazaxıstan texnologiyalarının qlobal kriptovalyuta sənayesində payını artıracaq.”
Binance-in Asiya üzrə regional rəhbəri Qleb Kostarev: “Təhsil səviyyəsini yüksəltmədən və blokçeyni bütün ölkə ərazisində tətbiq etmədən Qazaxıstanın rəqəmsal texnologiyalar sahəsində əsas oyunçulardan birinə çevrilməsi mümkün deyil. Ona görə də biz bu təşəbbüsü dəstəkləməyə hazırıq.”


Binance birjası blokçeyn texnologiyası və kriptovalyutaların inkişafı üzrə Qazaxıstan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. 2022-ci ilin oktyabr ayında birja Astana Beynəlxalq Maliyyə Mərkəzində rəqəmsal aktiv platformasını idarə etmək və saxlama xidmətləri göstərmək üçün AIFC Financial Services Authority (AFSA) tərəfindən daimi lisenziya alıb.

Müəllif: Elnur Quliyev
