Ticarət dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance Gürcüstanın İnnovasiya və Texnologiyaların İnkişafı Agentliyi (GITA) ilə blokçeyn və kripto aktivləri mövzusunda maarifləndirici tədbirlər təşkil etmək üçün anlaşma memorandumu imzalayıb. Memarandum çərçivəsində Binance və GITA ölkədə sənayenin inkişafını sürətləndirmək üçün Gürcüstanda blokçeyn və rəqəmsal aktivlər üzrə təlim seminarları keçirəcək. Bunun üçün Binance Academy-nin təlim proqramı və Binance Charity bölməsi, həmçinin BNB Chain mütəxəssisləri cəlb olunacaq. Bu təşəbbüs Binance-in baş direktoru Changpeng Zhao (CZ) ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında blokçeyn, kriptovalyutalar və investisiyalar sahəsində əməkdaşlığın müzakirə edildiyi noyabr görüşündən sonra həyata keçirilməyə başlanıb.
Binance-in regional inkişaf rəhbəri Vladimir Smerkis qeyd edib ki, uzun müddətdir Gürcüstanda kriptovalyuta bazarına böyük maraq var. Bu səbəbdən Binance-in məqsədləri GITA-nın ölkədə texnoloji innovasiyaları inkişaf etdirmək vəzifələri ilə üst-üstə düşür. GITA sədri Avtandil Kasradze əlavə edib ki, təhsil və xeyriyyə proqramları yaratmaq üçün Binance ilə əməkdaşlıq etməklə Gürcüstanda yeni ideyalara malik kriptovalyuta startaplarının yaranması üçün əlverişli şərait yaradılacaq.

