Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nı təsdiq edib. Bununla bağlı qərarı aprelin 20-si AMB-nin sədri Taleh Kazımov imzalayıb. Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və virtual aktivlərlə aparılan əməliyyatlar üzrə müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarına və əməliyyat zəncirində məlumatların ötürülməsinə dair tələbləri müəyyən edir.

Qaydaya əsasən virtual aktivə aşağıdakı kimi tərif verilib: virtual aktiv – ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir.
