Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 5-i Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı ölkənin bank sektoru barədə açıqlamalar verib.
Taleh Kazımov: “Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil. Odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyə sektoruna xələl gətirə bilər. Həm keçmiş bankir kimi, həm də Mərkəzi Bankın sədri kimi bankların, sığorta şirkətlərinin bağlanmasını istəməzdim. Böyük problemləri olan təşkilatlarda işlər görülməlidir, görülmürsə bağlanmaldır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorununun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək.”
Məlumat üçün qeyd edək ki, Azərbaycanda hazırda 24 bank fəaliyyət göstərir. 2011-ci ildən bugünədək ümumilikdə 22 bank bağlanılıb.
Mərkəzi Bankın sədri Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacağı barədə açıqlama verərkən “Yeni təklif olunan qanunda “exchange” – valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institsuional bir valyuta mübadilə biznesi formalaşsın. Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm ki, bizdə də belə olsun. Hansısa “podyezd”-də yox, institutsional formada valyuta mübadilə şöbələri formalaşsın” deyib.
Qeyd: Azərbaycanda “exchange”-lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Girovun məbləği Bakı üzrə 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.

