ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası (SEC) iyunun 6-sı Coinbase birjasına qarşı Nyu-York federal məhkəməsində ölkənin qiymətli kağızlar haqqında qanunlarını pozmaqda ittiham edərək iddia qaldırıb. Bu, SEC-in dünyanın ən böyük kriptovalyuta birjası olan Binance və onun təsisçisi Changpeng Zhao (CZ)-ya qarşı məhkəmə iddiası qaldırmasından bir gün sonra baş verdi. SEC-in rəhbəri sədri Gary Gensler bununla bağlı açıqlama verərkən bildirib ki, Binance və Coinbase müştərilərinə kriptotokenlər şəklində qeydiyyatdan keçməmiş qiymətli kağızlar təklif edərək federal qiymətli kağızlar qanunlarını pozur. O, qeyd edib ki, SEC həm birjalara, həm də onların rəhbərlərinə qarşı aldatma, manipulyasiya və maraqların toqquşmasında ittiham edərək məhkəməyə müraciət edib. Kriptovalyuta bazarı bu xəbərlərə dərhal reaksiya vermədi və gözlənilən kimi qiymətlərdə kəskin enmə müşahidə edilmədi.
Gary Gensler iyunun 8-i Nyu-Yorkda keçirilən “Piper Sandler Global Exchange and FinTech” konfransında çıxışı zamanı qeyd edib ki, kriptovalyuta sənayesində ölkənin maliyyə qanunlarının tələblərə geniş miqyasda əməl edilməməsi müşahidə olunmaqdadır və bu da ABŞ maliyyə bazarlarına inamı zədələyə bilər. SEC rəhbəri onu da diqqətə çatdırıb ki, kriptovalyuta bazarında vasitəçi olan şirkətlərin əksəriyyəti ABŞ-da birja, broker və ya klirinq agentlikləri kimi də qeydiyyatdan keçməli və fırıldaqçılıq və manipulyasiyadan qorunma təmin edən qaydalara əməl etməlidir.
SEC rehbərinin bu açıqlaması kriptovalyuta bazarında altcoinlərin 12-25% dəyər itirməsinə təsir etsə də, bitcoin-in qiymətində kəskin enmə müşahidə olunmadı. Xəbərin effekti normalda ilk kriptovalyutanın qiymətini ilkin mərhələdə 23.000 dollara, daha sonra 19.000 dollara qədər endirməli idi. Lakin bitcoin 25.500 dollarda dəstək gördü. SEC faktiki olaraq, Binance və Coinbase-ə qarşı iddia qaldırsa da, bitcoin və ethereum-u qiymətli kağızlar kateqoriyasına aid etməyib. SEC aparıcı rəqəmsal aktivlər olan SOL, ADA, MATIC, FIL, ATOM, SAND, MANA, ALGO və AXS-i qiymətli kağızlar kimi təsnif edib. Lakin bu siyahıya BTC və ETH, eləcə də stabilcoin USDC daxil edilməyib.

Müəllif: Elnur Quliyev
