Bitcoin avqustun 17-də kəskin şəkildə dəyər itirərək 28.710 dollardan 24.580 dollara qədər düşdü. Altcoinlər isə 15%-ə qədər ucuzlaşdı. Kriptovalyuta bazarında qiymətlərin dəyər itirməsinə təsir edən bir neçə əsas səbəblər var. Qiymtlərin düşməsinə təsir edən əsas xəbər İlon Maska məxsus SpaceX şirkətinin təxminən 373 milyon dollar dəyərində bitcoin satması oldu. Wall Street Journal bu xəbəri SpaceX-in 2022-ci il üzrə maliyyə hesabatına istinadən yayımlayıb. Məlum məsələdir ki, Elon Musk hazırda ən populyar kripto aktivistlərindən biridir. Bu səbəbdən bazar iştirakçıları Maskın hərəkətlərini və onun nəzarətində olan şirkətlərin rəhbərliyinin kriptovalyutalarla bağlı qərarlarını diqqətlə izləyirlər. SpaceX-in bitcoin satışı ilə bağlı xəbər dərhal mənfi reaksiya ilə qarşılandı və bazarda kriptovalyutaların kütləvi satışına səbəb oldu.
İkinci mühüm xəbər, ABŞ məhkəməsinin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Ripple işində apellyasiya sorğusunu qəbul etməsi xəbəri oldu. Məlum olduğu kimi, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi iyulun 13-ü XRP satışının investisiya müqavilələri təklifi olmadığı barədə Ripple Labs şirkətinin xeyrinə qərar qəbul etmişdi. İndi isə bu qərara yenidən baxılması ilə bağlı SEC-in tələbi təmin edildi. SEC şikayətinin məhkəmə tərəfindən təsdiqlənməsi və işə yenidən baxılması SEC-in qələbəsinə səbəb ola bilər. Nəticədə XRP-nin qanunsuz buraxılmış qiymətli kağız olduğu SEC tərəfindən sübut edilsə, bu, umumilkdə kriptovalyuta bazarına daha da mənfi təsir edəcək.
Kriptovalyuta bazarında qiymətlərə təsir edən növbəti xəbər isə dünyanın ən iri daşınmaz əmlak şirkətlərindən biri olan Çinin Evergrande Group şirkətinin ABŞ-da iflas elan etməsi oldu. Bu, şirkətin 300 milyard dollardan çox olan borclarının restrukturizasiyası üçün növbəti addımdır. ABŞ-da iflas elan edilməsi şirkətni yenidən strukturlaşmasını tamamlamaq üçün daha çox vaxt və resurs qazanmaq cəhdi ilə izah olunur. Məlumat üçün qeyd edim ki, Evergrande Group 280-dən çox şəhərdə 1300-dən çox layihə ilə Çinin daşınmaz əmlak lideridir. Şirkət həmçinin elektromobillərin, səhiyyə və park avadanlıqlarının istehsalı ilə məşğuldur. Bununla belə, 2021-ci ildən şirkət həddindən artıq borclanma və Çin hakimiyyətinin sərt qaydalarına görə ciddi maliyyə problemləri ilə üzləşib. Çinin daşınmaz əmlak sektorundakı böhran ümumilkdə ölkə iqtisadiyyatı üçün də mənfi nəticələnəcək. Təcrübə göstərir ki, Çində milli valyutanın dəyər itirməsi dolayı yolla kriptovalyuta bazarına da mənfi təsir edir və qiymətlərin enməsi ilə müşahidə olunur.
Dördüncü ehtimal edilən səbəb isə 10 ildən çox müddətdə hərəkətsiz qalan iri bitcoin cüzdanların hərəkətə keçməsi və bazara iri həcmli bitcoin satışı orderlərinin verilməsi oldu. Mənfi xəbərlər fonunda satışlar alışdan daha çox olduğu üçün qiymətlərin 15%-ə qədər enməsi gözlənilən idi.
Kriptovalyuta bazarındakı mənfi dinamikanın digər katalizatoru Federal Ehtiyatlar Sisteminin (FRS) iyul iclasının protokollarının dərc edilməsi oldu. Protokollara əsasən pul-kredit siyasətinin daha da sərtləşdirilməsi planlaşdırılır. Xüsusilə, uçot faiz dərəcəsinin növbəti dəfə artırılmasına ehtimalı yüksək qiymətlənidirilir. Bundan başqa, ABŞ dövlət istiqrazları üzrə gəlirlilik son 16 ildə maksimuma çatıb və 4,31% təşkil edib. Çox güman ki, investorlar diqqətlərini gəlir zəmanəti olmayan yüksək riskli bitcoin-dən daha az riskli aktivlərə çevirirlər.
Yuxarıda qeyd etdiyim səbəblər birbaşa və ya dolayı yolla kriptovalyuta bazarındakı qiymətlərin dəyişməsində rol oynayır. Hesab edirəm ki, bunlar heç də təsadüfi deyil. Ehtimal ki, bu növbəti “bitcoin rallisi”-dən qabaq bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır. Bununla belə bitcoin-in qiymətinin 23.500 dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Böyük ehtimal ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock-un “spot bitcoin ETF”-i üçün müraciətinə müsbət qərar verməlidir.
Müəllif: Elnur Quliyev
