ChargeBack nədir?

   Əgər sizin kart hesabınızdan “3D secure” kodu gəlmədən vəsait silinibsə, bu zaman çıxılan məbləği kartınıza qaytarmaq mümkündür. Bu prosedurun adı ChargeBack adlanır. Böyük əksəriyyət bank kartı istifadəçilərinin bilmədiyi “ChargeBack” proseduru nədir və bu mexanizm necə işlədiyini qısa formada izah etməyə çalışacam.

      İngilis dilindən “charge back” sözü “geri ödəmə” kimi tərcümə olunur. Chargeback – kart istifadəçisinin razılaşmadığı kart əməliyyatı üzrə ödənişə etiraz etmək prosedurudur. Ödənişə etiraz, adətən kart sahibinin xəbəri olmadan hər hansı bir əməliyyat aparılması zamanı anlaşılmazlıq yarandığı halda baş verir. Amma fərqli səbəblər də ola bilər. “ChargeBack” prosedurunun işə salınması üçün təcrübədə daha çox rast gəlinən səbəblər aşağıdakılardır:

  • ödənilmiş məhsul çatdırılmayıb;
  • kartdan məhsul və ya xidmətin dəyərindən artıq vəsait tutulub;
  • satıcı sifariş etdiyiniz malı səhv çatdırdı və ya qüsurlu məhsul göndərdi. Siz alış-verişinizi qaytardınız lakin pulunuzu geri almadınız;
  • vəsait icazəsiz (avtorizasiya olmadan) hesabdan silindi və ya eyni məbləğ iki dəfə silinib;
  • onlayn sifariş zamanı otel qeyd edir ki, siz rezervasiyanı pulsuz olaraq ləğv edə bilərsiniz lakin siz bunu edəndə yenə də sizin kartdan sifariş üzrə vəsait silinib.

      Vəsaitin geri qaytarılması, köçürmənin MasterCard, VİSA, Maestro kartlarından aparıldığı zaman mümkün ola bilər. Beynəlxalq ödəniş sistemləri tərəfindən kart sahiblərinə verilən ödənişə etiraz hüququnun bank tərəfindən qiymətləndirilməsi və yekunlaşdırılması məcburidir. Əgər bank bundan imtina edərsə, siz Mərkəzi Banka şikayət edə bilərsiniz. Qeyd edim ki, “ChargeBack” proseduru hər hansı bir qanunla tənzimlənmir. Bu, bankların kart sahibləri qarşısında öhdəliklərini müəyyən edən ödəniş sistemləri qaydalarının elementidir.

      MasterCard və VİSA ödəniş sistemləri əksər hallarda “ChargeBack” üçün mübahisə müddətini 120 gün təyin edir. Yəni, etiraz etmək istədiyiniz kart əməliyyatının baş verdiyi tarixdən 120 gün keçməyibsə kartı emissiya edən banka müraciət etmək hüququnuz var. Əgər alıcı bir məhsul və ya xidmət üçün əvvəlcədən ödəniş edibsə, o zaman əməliyyata etiraz etmək üçün ödəniş tarixindən etibarən 540 günə qədər vaxtı var. Məsələn, mayın 1-də noyabrın 29-da baş tutacaq konsertə bilet almısınız. Tədbirə bir həftə qalmış ləğv olundu və pul geri qaytarılmadı. Biletin alınması ilə ləğv edilmiş konsertin tarixi arasında 213 gün keçdi, bu da sizin hələ də ödəniş almaq hüququnuz olduğunu bildirir.

      “ChargeBack” üzrə müraciət üçün kart əməliyyatı tarixindən minimum 7 iş günü keçməlidir və bu zaman araşdırma bitənə qədər kartınız bank tərəfindən bloklanacaqdır. Bunu nəzərə alın. “ChargeBack” prosedurunun işə salına biləcəyi minimum məbləğ VİSA-da 25 dollardır, MasterCard-da isə hər hansı minimum məbləğ yoxdur.

      Məlumat üçün qeyd edim ki, “ChargeBack” müştəri üçün pulsuz bir prosedurdur, buna baxmayaraq, banklar bunun üçün əlavə komissiya təyin etmək hüququna malikdirlər. Lakin bu halda komissiyanın ölçüsü bankla bağlanmış kart müqaviləsində göstərilməlidir. Nəzərə alın ki, əgər haqsız yerə “ChargeBack” prosedurunu açsanız vəsaitiniz geri qayıtmayacaq və əlavə olaraq daxili prosedurlara uyğun olaraq cərimə oluna bilərsiniz. 

     Faktiki olaraq, chargeback proseduru mənimsənilmiş pulu geri qaytarmağın yeganə yoludur. Ümid edirəm ki, bu araşdırma sizə faydalı oldu. Hüquqlarınızı bilin və istifadə etməkdən çəkinməyin. 

Müəllif: Elnur Quliyev

Leave a Reply