Fevralın 27-si bitcoin son 3 il ərzində ilk dəfə olaraq 57.000 dollarlıq həddi keçərək Binance birjasında 57.780 dollara qədər dəyər qazandı. Hazırda isə bitcoin 1.1 trilyon dollar bazar kapitalizasiyası ilə 56.400 dollar ətrafında ticarət edilir. Bitcoin-in qiymətinin artmasına təsir edən əsas faktorlar:
- birja “spot ETF Fond”-larının və korporativ şirkətlərin bitcoin-ə olan kəskin tələbətın yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması;
- aprel ayında gözlənilən “bitcoin halving” hadisəsi. Statistik məlumatlara əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və sonradan növbəti tarixi maksimum qiymətə qədər yüksəlib;
- ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsinin vaxtından əvvəl yendirəcəyi ilə bağlı gözləntilərin artması.

Texniki analizə əsasən bitcoin yeni “buğa dövrü”-nə daxil olur və növbəti hədəfin tarixi maksimum qiymət səviyyəsi olan 69.000 dollar qədər artımın hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitcoin sonrakı mərhələdə 57.880 və 58.200 dollarlıq hədəfləri test etsə, növbəti qırılma nöqtəsi 63.000 dollar olacaq. Etiraf edim ki, bu tip sürətli yüksəlişdə (pump) sonra BTC-nin qiymətində korreksiya gözləyirəm. Onu da qeyd edim ki, BTC-nin qiymətində 52.300-50.800 dollar həddində güclü dəstək var. Ethereum isə 3.000 dollarlıq hədəfi keçdikdən sonra növbəti qırılma nöqtəsi 4.055 dollar olacaq.
Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 79 bal səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki “həddindən artıq acgözlük” adətən qiymətlərin düşməsi ilə müşayiət olunur.
Müəllif: Elnur Quliyev

