Bitcoin son 3 gün ərzində 22% dəyər qazanaraq 64.000 dollara qədər yüksəldi. Bu göstərici sonuncu dəfə 2021-ci ilin noyabr ayında baş vermişdi. Ümumilikdə 2024-cü ilin fevral ayında ilk kriptovalyuta 19.840 dollar dəyər qazanıb və bu, bitcoin tarixində ən böyük aylıq artım oldu. Kriptovalyuta bazaraının ümumi bazar kapitalizasiyası isə 2.3 trilyon dolları keçdi. Bəs, bu qədər bahlaşmaya təsir edən edən əsas səbəb nədir?
Bitcoin-in 60.000 dollardan yuxarı qalxmasının əsas katalizatorları bitcoin ETF Fondlara kapital axını və birjalarda qısa (short) mövqelərin ləğvi olub. Hesab edirəm ki, hazırda böyük spekulyativ komponentdən başqa bitcoin-in dəyərinin bu qədər sürətli artması üçün hər hansı ciddi əhəmiyyət kəsb edən fundamental səbəb yoxdur. Bəli, bitcoin ETF fondlar vasitəsilə kriptovalyuta bazarına güclü kapital axını davam edə bilər amma indiki vəziyyətdə qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu ABŞ Federal Ehtiyatlar Sistemi (FES) oynayır. FES ümumi investisiya mühitinə uçot faiz dərəcəsi qərarı və Bank Müddətli Maliyyələşdirmə Proqramı (Bank Term Funding Program) ilə təsir edir. Böyük ehtimal ki, yaxın aylarda uçot faiz dərəcəsi endiriləcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyi artırır, kreditlər ucuzlaşır və nəticədə investisiya mühitinə müsbət təsir edir. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyi təşviq edir. Bu faktor, potensial investorları çətin seçim qarşısında qoyur: likvid ABŞ Xəzinədarlıq istiqrazları kimi uzunmüddətli investisiyaları və ya qısamüddətli qeyri-müəyyən gələcəyi olan yüksək riskli aktivlər və rəqəmsal valyutaları seçmək. Yaşı 35-dək olan investorların əksəriyyəti son illərdə daha çox və daha tez qazanmaq üçün nisbətən riskli aktivlərə investisiya etməyi üstün tuturlar.
Texniki analiz baxımından bütün indikatorlar bitcoin üçün yüksəliş dinamikasını göstərir. Qiymət 50 həftəlik və 200 həftəlik hərəkətli ortalamalardan yuxarıdır. Bu, uzunmüddətli yüksəliş trendini göstərir. Hazırda bitcoin üçün görünən yeganə müqavimət səviyyəsi – tarixi maksimum qiyməti olan 69.000 dollardır. Qalan bütün müqavimət səviyyələri demək olar ki, artıq tamamlanıb. Eyni zamanda, əsas kriptovalyuta ilə müqayisədə altkoinlər hələ də bitcoin-in hökmranlığı fonunda hələ də nəzərə çarpaçaq səviyyədə dəyər qazanmayıblar. Pərakəndə investorlar ən bahalı kriptovalyutadan daha çox qiyməti dəfələrlə ucuz olan altkoinlərlə maraqlandıqları üçün hələ bazara daxil olmayıblar. Bu, “buğa” bazarının ilkin mərhələsidir. Bununla belə, qiymətlərin korreksiyasını (“Qara Qu quşu” riski) da müşahidə edə bilərik. Əgər hər hansı bir səbəbdən ciddi qiymət düşməsi baş verərsə bu zaman, güclü dəstək səviyyələri təxminən 57.000, 55.170 və 50.500 dollar ətrafında olacaqdır. Yekun olaraq hesab edirəm ki, artıq “buğa” mövsümünun əvvəlindəyik və bitcoin 2025-ci ilin iyun ayında 100.000 dolları keçə biləcək.
Müəllif: Elnur Quliyev

