Martın 20-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) Federal Açıq Bazar Komitəsi (FOMC – Federal Open Market Committee) uçot faiz dərəcəsini beşinci dəfə 5,25-5,5% diapazonunda saxlayıb. Bu qərar bazar gözləntiləri ilə üst-üstə düşdü. FES-in məlumatına görə, inflyasiya son bir il ərzində aşağı düşüb lakin hələ də yüksək olaraq qalmaqdadır. Bununla belə, FES işsizlik səviyyəsinin aşağı olduğunu da qeyd edib. Kriptovalyuta bazarı FES-in qərarına cüzi artımla reaksiya verdi. Kripto icmasının bir çox iştirakçısı hesab edir ki, bitcoin martın 14-də 73.750 dollar səviyyəsində qeydə alınan mütləq maksimumunu (ATH) yeniləməyə hazırlaşır.
FES-in faiz qərarı kriptovalyutaların qiymətinə necə təsir edəcək?
FES uçot dərəcəsini artırmağa 2022-ci ilin martında, Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi fonunda başlayıb. 2023-cü ilin iyul ayında FES uçot dərəcəsi 5,25-5,5% pik həddə qədər çatdırıldı və o vaxtdan indiyə qədər sabit saxlayır. FES-in növbəti iclası mayın 1-də baş tutacaq. Hesab edirəm ki, FES-in uçot dərəcəsinin aşağı salınmasına keçidi 2024-cü ilin iyun ayında baş verə bilər. Uzunmüddətli perspektivdə FES 2% inflyasiya və maksimum məşğulluğu hədəfləyir. Odur ki, faiz dərəcəsinin azaldılması ilə bağlı mümkün qərarın qəbul edilməsində əsas faktor tənzimləyicinin inflyasiyanın 2%-ə doğru getdiyinə inamının olmasıdır. Yalnız bundan sonra faiz dərəcəsi endiriləcək. Kripto investorların səbrsizliklə gözlədikləri bu hadisə hazırda qiymətlərin qalxmasına təsir edən əsas fundamental faktordu. Hazırda kripto investisiyalar üçün bir fürsət anıdır. Nəzərə almaq lazımdır ki, cari ilin yanvar ayında SEC (Qiymətli Kağızlar və Birjalar Komissiyası) tərəfindən “spot bitcoin ETF”-in təsdiq olunmasından sonra iri investisiya fondları və korporativ şirkətlər öz portfellərində kriptovalyutalara xüsusi yer ayırmağa başlayıb.
Məlumat üçün qeyd edim ki, uçot faiz dərəcəsi – kommersiya banklarının Mərkəzi Bankdan borc götürmə faizidir. Onun artımı insanları qənaət etməyə sövq edir, çünki uçot dərəcəsi artması kreditlər və depozitlər üzrə faiz dərəcələrinin artmasına səbəb olur. Uçot dərəcəsinin yüksəlməsi fonunda kriptovalyutalar kimi yüksək riskli aktivlər investisiya cəlbediciliyini itirir. Faizlərin azaldılması, əksinə, investorların kriptovalyutaya marağını artırır.
Müəllif: Elnur Quliyev

