COP29 nədir?

COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. COP-un ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Konfransın 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir.

COP29 Azərbaycan üçün əhəmiyyəti nədir?

11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə verdiyi töhfəni vurğulayır. Azərbaycan, neft və qaz ehtiyatları ilə zəngin bir ölkə olaraq tanınsa da, son illərdə bərpa olunan enerji mənbələrinə diqqətini artırmış və ekoloji davamlılığı təmin etmək üçün müxtəlif strategiyalar həyata keçirilmişdir. Ölkəmizin COP 29-a ev sahibliyi etməsi, ölkənin iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal liderlik mövqeyini gücləndirəcək və davamlı inkişaf üçün yeni perspektivlər açacaq. Azərbaycanın iqlim strategiyası, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, enerji səmərəliliyinin yaxşılaşdırılması və karbon izinin azaldılması üzərində qurulmuşdur. Bu strategiyalar, ölkənin Paris Sazişi çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsinə və qlobal iqlim hədəflərinə töhfə verməsinə kömək edir.

COP 29-da əsas müzakirə mövzuları:

1. İqlim maliyyələşdirilməsi: İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə mənbələrinin artırılması və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasına dəstək verilməsi əsas müzakirə mövzularından biri olacaq. Xüsusilə, iqlim fondlarının artırılması və bu vəsaitlərin effektiv şəkildə istifadəsi məsələləri diqqət mərkəzində olacaq.

2. Texnalogiya transferi və İnnovasiya: İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasına kömək edəcək yeni texnologiyaların və innovativ həllərin paylaşılması və yayılması da müzakirə olunacaq. Bu, xüsusilə enerji səmərəliliyi, bərpa olunan enerji və karbon tutma texnologiyaları sahələrində əhəmiyyətli olacaq.

3. Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC): Ölkələr, Paris Sazişi çərçivəsində öz milli töhfələrini yeniləyəcək və daha iddialı iqlim hədəfləri qoyacaqlar. Bu, qlobal istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün vacibdir.

4. İqlim dəyişikliyi və sosial ədalət: İqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan icmaların və qrupların qorunması, iqlim ədalətinin təmin edilməsi istiqamətində müzakirələr aparılacaq. Az təminatlı ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətlərini artırmaq üçün xüsusi tədbirlər müzakirə olunacaq.

Azərbaycanın iqlim dəyişikliyi strategiyası və COP29 ilə bağlı gözləntilər.

Azərbaycanın iqlim strategiyası aşağıdakı əsas istiqamətlər üzərində qurulmuşdur:

1. Bərpa olunan enerji mənbələrinə investisiya: Azərbaycan, külək, günəş və hidroenerji kimi bərpa olunan enerji mənbələrinə investisiya qoyuluşunu artırmağı hədəfləyir. Bu, ölkənin enerji sistemini diversifikasiya etmək və karbon izini azaltmaq üçün vacibdir.

2. Enerji səmərəliliyinin artırılması: Enerji səmərəliliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi və sənaye sektorunda enerji istifadəsinin optimallaşdırılması Azərbaycanın əsas prioritetlərindən biridir.

3. Ekosistemlərin mühafizəsi və bərpası: Azərbaycanın ekosistemlərini qorumaq və bərpa etmək üçün yeni strategiyalar hazırlamaq, ölkənin iqlim dəyişikliklərinə uyğunlaşma qabiliyyətini artıracaq.

COP29 konfransında, Azərbaycanın bu istiqamətlərdə əldə etdiyi nailiyyətlər və gələcək planları beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Bu, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində liderlik rolunu daha da gücləndirəcək və qlobal səviyyədə davamlı inkişafın təşviq edilməsinə kömək edəcək.

COP keçirilməsi üzrə xərclər necə qarşılanır?

COP tədbirinə ev sahibliyi edən ölkədəki maliyyə yükü bir neçə amildən asılı olaraq çox dəyişə bilər. Adətən ev sahibi ölkənin çəkdiyi xərclər birbaşa və dolayı xərclərə bölünür. Birbaşa xərclərə məkan və infrastruktur – konfrans obyektləri və ya onların inşası, nümayəndələr üçün maddi-texniki dəstəyin təmin edilməsi, nəqliyyat, təhlükəsizlik, tullantıların idarə edilməsi və sairə daxildir. Bundan başqa, minlərlə nümayəndəni, müşahidəçini və media təmsilçilərini yerləşdirmək tələb olunur. İnzibati və kadr xərclərinə isə işçilərin əmək haqqı, rabitə avadanlığı və digər əməliyyat xərcləri daxildir. Dolayı xərclərə isə təhlükəsizlik tədbirləri və izdihamın idarə edilməsi və antiterror tədbirləri üçün infrastruktura potensial investisiyalar daxildir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ev sahibi ölkələrə bəzi əsas xərcləri ödəməyə kömək etmək üçün məhdud miqdarda maliyyə dəstəyi verir. Ev sahibi ölkə adətən xərclərin əhəmiyyətli hissəsini öz resurslarından ödəyir. COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər.

COP29-da təşkilati idarəetmə necə olacaq?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29 tədbirinin prezidenti təyin edilib. Digər əsas idarəçilər: Elnur Soltanov – baş icraçı direktor, Yalçın Rəfiyev – baş danışıqçı, Nərmin Carçalova – əməliyyatlar üzrə baş icraçı. Bundan əlavə, 2024-cü il yanvarın 13-də COP29-un təşkili və keçirilməsi ilə əlaqədar olaraq təşkilati komitə yaradılmışdır.

Nəticə

COP29, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi və davamlı inkişafın təşviq edilməsi baxımından mühüm bir hadisə olacaq. Azərbaycanın bu konfransa ev sahibliyi etməsi, ölkənin beynəlxalq arenada əhəmiyyətini artıracaq və iqlim dəyişikliyinə qarşı mübarizədə öncül rol oynayacağını nümayiş etdirəcək. COP29, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın davamlı enerji və iqlim siyasətinə yönəldəcək və ölkənin bu sahədəki səylərini daha da gücləndirəcəkdir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Məlumat üçün qeyd edim ki, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr – 12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply