Fransada Pavel Durovun həbsi kripto ictimaiyyətində narahatlıq dalğasına səbəb olub. Durov avqustun 24-də təyyarəsi Bakıdan Parisin şimalındakı Le Burje hava limanına enərkən saxlanılıb. Fransa qanunlarına görə, o, 96 saata qədər, yəni avqustun 28-i saat 20:00-a qədər ittiham edilmədən saxlanıla bilər. Onun saxlanması planlaşdırıldığı və ya Telegram vasitəsilə yayımlandığı iddia edilən cinayətlərin (çirkli pulların yuyulması, uşaq pornoqrafiyasının yayılması, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina) araşdırılması ilə bağlıdır. Fransa prokurorlarının press-relizində deyilir ki, müstəntiqlər dindirmələr zamanı kifayət qədər dəlil tapsalar, Durovun həbs müddəti uzadıla bilər. Alternativ ssenari rəsmi ittihamların irəli sürülməsi və həbsxanaya köçürülməsidir. Məhz bu ehtimal onun tezliklə buraxılması ilə bağlı bazar skeptisizmini gücləndirir.

Telegram-ın təsisçisi və rəhbərinin saxlanılması Toncoinin dəyərinə dərhal təsir edib. Bununla belə, bu hadisənin nəticələri Telegram messencerindən fəal şəkildə istifadə edən bütün kriptovalyuta sənayesi üçün çox daha ciddi ola bilər. Artıq neçə illərdi Telegram kriptovalyuta cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Bir çox layihələr həvəskarlar və yeni başlayanlar üçün tanış mühit yaradaraq öz icmalarını bu platformada təqdim edirlər. Durovun həbsi kriptovalyuta əməliyyatları üçün vacib olan texnologiyalar üzərində hökumət nəzarətinin artırılması ilə bağlı narahatlıqları artırıb. Pavel Durov istifadəçilərin azadlığını və məxfiliyini ardıcıl olaraq müdafiə edən azsaylı texnologiya sahibkarlarından biridir. Onun həbsi rəqəmsal hüquqları müdafiə edən cəmiyyətə bir zərbə kimi anlaşılıb.

P. Durovun həbsinə baxmayaraq, Telegram-ın Fransada populyarlığı kəskin şəkildə artıb. “Appfigures”in məlumatına görə, messencer “sosial şəbəkələr” kateqoriyasında ölkədə ən çox yüklənən proqram və bütün əlavələr arasında üçüncü ən populyar proqram olub. Dünya üzrə ümumi yükləmələr 4% artıb. ABŞ-da Telegram 10 pillə yüksələrək ümumi populyarlıq üzrə səkkizinci, sosial şəbəkələr kateqoriyasında isə ikinci yeri tutub.
Müəllif: Elnur Quliyev
