Azərbaycanda ilk dəfə blokçeyn, Veb3, süni intellekt, metavers, sənaye 4.0 texnologiyaları və rəqəmsal aktivlərlə bağlı 10-11 sentyabr tarixlərində “Chain Reaction Baku 2024” tədbiri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Binance Investments Co. Ltd. (Binance birjası) Azərbaycanda blokçeyn təhsili və texnologiya tətbiqinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Binance” şirkətinin regional bazarlar üzrə baş meneceri Vishal Sacheendran imzalayb. Memorandum çərçivəsində “Binance” şirkəti özünün strateji təhsil tərəfdaşı Binance Blokçeyn və Süni İntellekt Mərkəzi (Blockchain and AI Technology Center Binance) ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, Binance Akademiyası blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. Kurslar Azərbaycan və İngilis dillərində olacaq.

Fariz Cəfərov: “Bu sahədə insan kapitalının inkişafı bizim prioritetlərimizdən biridir. Bu məqsədlə, biz ən iri kriptovalyuta platforması “Binance” ilə əməkdaşlıq memorandumu imzaladıq. Əməkdaşlığımızın əsas elementlərindən birinə dünyada 20 milyondan çox istifadəçisi olan “Binance Academy” platformasının proqramlarını Azərbaycan bazarına uyğunlaşdıraraq vətəndaşlarımızın bu texnologiyalar haqqında məlumatlılığını artırmaqdır. Memorandumun əsas istiqamətləri Azərbaycanda Metaverse, Blockchain və Web3 texnologiyalarının inkişafını, həmçinin süni intellekt, NFT və oyun sahəsində istifadə olunan virtual alətlər, rəqəmsal aktivlər və ödəmə sistemləri ilə bağlı müxtəlif təhsil proqramlarının tətbiqini əhatə edir.
Vishal Sacheendran: “Bizim tərəfdaşlığımız ölkədə təhsil və sənayenin inkişafına sadiqliyimizi nümayiş etdirir. Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələri və mütəxəssisləri rəqəmsal iqtisadiyyat üçün lazım olan bacarıqlarla təmin etməkdir. Web3 və blokçeyn texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edərək Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq.”

