Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8-9 oktyabr tarixlərində ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilir. Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq AZHAB Forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edəcək. Forumda qida, turizm, maliyyə və s. kimi istiqamətlər üzrə inkişaf perspektivləri, müvafiq sahədə standartlaşdıma məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaq. Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya, Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq. Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq.
Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya, Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq. AZHAB Forum “JW Marriott Absheron Baku”-da keçiriləcək və iş saatları 9.00-17.00 olacaq. Forumun sessiya və seminar mövzuları:
- Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları
- Regional Halal Ticarət Mərkəzi
- Halal İstehsal / Azad Ticarət Zonaları
- Halal bazarların gələcəyi
- MDB ölkələrində halal bazar
- Sertifikatlaşdırma və standartlar
- Halal sığorta
- Halal Bankçılıq

AZHAB Forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir. Forum MDB, Türkiyə, İran, Körfəz ölkələri və Asiyanın əsas regionları kimi mühüm Halal bazarlarında yeni əlaqələri, tərəfdaşlıqları stimullaşdırmaq və möhkəmləndirmək, müxtəlif Halal investisiya imkanlarını araşdırmaq məqsədi daşıyır. Forumda İslam maliyyə və bank xidmətləri, halal məhsul standartları və sertifikatlaşdırma, ixracın inkişafı, sahibkarlıq və investisiya məsələləri, sosial sektorda gənclərin və qadınların işgüzarlıq imkanlarının artırılması sahələrində innovativ və müasir ideyalar nümayiş etdiriləcək.
Daha ətraflı məlumat üçün: https://azhabforum.az/
