ABŞ-da prezident seçkilərinin kriptovalyuta bazarına təsiri

5 noyabr ABŞ-da 60-cı prezident seçkiləri günüdür. 2024-cü il ABŞ prezident seçkiləri kriptovalyuta bazarına böyük təsir göstərə bilər. ABŞ-ın prezidentliyi uğrunda iki siyasətçi mübarizə aparır: ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris. Hər iki namizəd bu və ya digər şəkildə kripto icmasının rəğbətini qazanmaq üçün açıqlamalar verib. Fakt budur ki, sorğular kriptovalyuta investorlarının səslərinin çəkisinin artdığını göstərdi, bu da kripto sənayesini dəstəkləməyin qalib gəlmə şansını artıra biləcəyi deməkdir. Tramp rəqəmsal aktivlər bazarının böyüməsini dəstəkləyə biləcək daha müsbət təşəbbüslər təklif etdi. Buna görə də, onun qələbəsi kriptovalyuta bazarının böyüməsinə daha çox təkan verəcək.

Namizədlər arasında fərq minimal olaraq qalır. İki sorğu – Morning Consult və ABC/Ipsos – Harrisə cüzi üstünlük (2-3 faiz bəndi), digər üç sorğu isə (NBC News, Emerson College və Yahoo News/YouGov) bərabər olduğunu göstərir. Tramp Pensilvaniya, Şimali Karolina və Corciya kimi mühüm ştatlarda bir sıra sorğularda Harrisi qabaqlayır və Seçkilər Kollegiyasında qalib gəlmək şansını artırır. Vitse-prezident Miçiqan və Viskonsin ştatlarında cüzi liderliyi qoruyur, lakin fərqin çox vaxt 1%-dən az olduğu digər ştatlarda uduzur və bu, seçkinin nəticəsini gözlənilməz edir. Hesab edirəm ki, ABŞ-da prezidentin dəyişməsi çətin ki, kriptovalyuta bazarı üçün kritik faktor olsun. Lakin Tramp qalib gəlsə bitcoin-in qiyməti sürətlə qalxacaq və biz bitcoin-in qiymətində yeni rekord səviyyələri müşahidə edəcəyik. Seçkilər sosial iğtişaşlar olmadan keçirilsə, qiymətlərin yüksəlmə ehtimalı böyükdür. Əgər iğtişaşlar başlayarsa, bu, kriptovalyutalar da daxil olmaqla riskli aktivlərdə qısamüddətli qiymət dalğalanmalarına səbəb ola bilər. Bununla belə, tarixi məlumatlar göstərir ki, Kamala Harris və ya Donald Trampın növbəti prezident olmasından asılı olmayaraq, bitcoin-in yüksəlişini davam etdirmək üçün hər şansı var.

Kamala Harrisin qələbəsi olarsa?!?

K.Harrisin mümkün qələbəsinin bitcoin-ə təsirindən danışarkən qeyd etmək lazımdır ki, ABŞ-da prezidentin dəyişməsinin kriptovalyuta bazarı üçün kritik faktor olması ehtimalı azdır. Demokratik administrasiya artıq hakimiyyətdədir və kursda əsaslı dəyişikliyin edilməsi gözlənilmir. Seçkilərin nəticələrinin açıqlanması zamanı qısamüddətli dəyişkənlik mümkündür – bu, istənilən qeyri-müəyyənliyə bazarın təbii reaksiyasıdır. Bununla belə, böyük miqyaslı çöküşü gözləməyə dəyməz çünki K.Harrisin kriptovalyutalarla bağlı mövqeyi olduqca proqnozlaşdırıla biləndir və artıq əksər iri investorlar tərəfindən öz strategiyalarında nəzərə alınıb.

Hesab edirəm ki, kriptovalyuta bazarında qiymətlərə uzunmüddətli perspektivdə fundamental faktorlar daha çox təsir edəcək. Bu faktorlar, ABŞ Federal Ehtiyatlar Sisteminin faiz qərarları, “bitcoin halving” və onun bitcoin-in qiymətinə tarixən müsbət təsiri, bitcoin-ə artan institusional maraq və bazar infrastrukturunun sürətli inkişafıdır. Həmçinin qeyd etmək istəyirəm ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, hər iki namizəd hakimiyyətə gəldikdən sonra ABŞ iqtisadiyyatına böyük həcmdə yeni pul buraxmağa davam edəcək, bu faktor isə birmənalı kriptovalyutaya sektoruna öz faydasını verəcək.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply