Mərkəzi Bank 4 kriptovalyuta layihəsinə “yaşıl işıq” verdi

Mərkəzi Bank Sandbox xüsusi tənzimləmə rejimində sınaqlarda iştirak etmək üçün təqdim edilmiş 21 layihədən 4 innovativ məhsulu seçərək məhdud şərtlər çərçivəsində sınaqdan keçirilməsinə icazə verib. Bu məhsullar aşağıdakilardır:

  • “PASHAPAY” MMC şirkətinin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr”
  • “UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC şirkətinin təqdim etdiyi “Kriptobroker”
  • “SVORT” MMC şirkətinin təqdim etdiyi “Kripto platforma”
  • “MOBILE PAYMENT SOLUTIONS” MMC şirkətinin təqdim etdiyi “PortCoin kriptovalyutası”

Yuxarıda qeyd olunan məhsulların Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, “Sandbox” adlanan xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. “Sandbox” rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddətdə real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirir. “Sandbox”-da iştirak etmək üçün müraciətlərin qəbulu 1 may 2024-cü il tarixində elan edilmişdi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply