Azərbaycanın televiziya məkanında ən çox izlənilən TV kanallarından biri ATV-də yayımlanan “İqtisadi Zona” verlişində kriptovalyutalara investisiyalar haqqında süjet təqdim edilib. Süjetdə kriptovalyutalara investisiya edərkən nəyə diqqət etmək lazımdır, rəqəmsal valyutalar üzrə real layihələri piramida platformalarından necə fərqləndirmək olar, Azərbaycanda kripto gəlirlər vergiyə necə cəlb edilir və s. barədə məlumat verilib. Maliyyə və kriptovalyutalar üzrə ekspert, kriptoinvest.az portalı və Crypto Consulting MMC-nin təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bu mövzuda olan sualları cavablandırıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” verilişi analitik xəbər formatında hazırlanır və hər bazar saat 19:30-da Günel Bəhramqızının təqdimatında yayımlanır. “İqtisadi zona” həftə ərzində Azərbaycanda və dünyada baş verən ən vacib iqtisadi yenilikləri geniş tamaşaçı kütləsinə çatdırmaqla yanaşı, bütünlükdə ölkənin iqtisadi mənzərəsini əks etdirən məlumatlandırıcı, maarifləndirici xarakter daşıyır.

