ABŞ-ın biznes-analitika şirkəti MicroStrategy 6-12 yanvar tarixləri arasında ümumi dəyəri 243 milyon dollar olan 2.530 bitcoin alıb. Növbəti bitcoin alışı şirkətin səhm buraxılışı və satışından əldə edilən vəsait hesabına həyata keçirilib. 1 BTC üzrə orta alış qiyməti 95.572 dollar olub. Beləliklə, 13 yanvar tarixinə MicroStrategy kriptovalyuta portfelini təxminən 28.2 milyard dollar dəyərində olan 450.000 BTC-yə (orta alış qiymət 62.691 dollar) qədər artırdı.
MicroStrategy artıq onuncu həftədir ki, bitcoin almaqda davam edir. Keçən həftə şirkət 1.070 BTC-ni 101 milyon dollara (orta qiyməti 94.004 dollar) aldığını açıqlamışdı. Bu əməliyyatlar şirkətin 710.425 səhmini satdıqdan sonra baş verib. 2024-cü ilin oktyabr ayında MicroStrategy səhm satışı və konvertasiya edilə bilən borc təklifləri vasitəsilə 2027-ci ilə qədər 42 milyard dollar cəlb etməyi nəzərdə tutan iddialı “21/21” planını açıqladı. Bu vəsait Bitcoin-in sonrakı alışlarına xərclənəcək.

MicroStrategy – biznes analitik proqram təminatının hazırlanması və satışı üzrə ixtisaslaşmış ABŞ şirkətidir. Şirkət 1989-cu ildə yaradılıb və baş ofisi Virciniya ştatının Tysons Corner şəhərində yerləşir. MicroStrategy öz müştərilərinə biznes analitikası, mobil analitika, bulud analitikası, süni intellekt, hiperintellekt və digər sahələr üçün həllər təklif edir. MicroStrategy, 2020-ci ilin avqustunda Bitcoin-i ehtiyat aktiv kimi almağa başlayan ilk ictimai şirkət oldu. Şirkət 2020-ci ildən həm öz vəsaitlərindən, həm də borc maliyyələşdirməsindən istifadə edərək ilk kriptovalyutaya investisiyalarını müntəzəm olaraq artırıb.
