Rəqəmsal ödəniş sistemlərinin inkişafı maliyyə əməliyyatlarını asanlaşdırsa da, bu proses bəzən insan faktoru ilə bağlı ciddi risklər yaradır. Rəqəmsal ödənişlərin geniş yayılması ilə yanaşı, “kartdan karta” köçürmələr zamanı səhvən vəsaitin yanlış hesaba göndərilməsi halları son illərdə vətəndaşların ən çox rastlaşdığı problemlərdən birinə çevrilib. Müşahidələr göstərir ki, belə halların təxminən 90%-də vətəndaşlar öz vəsaitlərini geri ala bilmirlər. Bu vəziyyətin bir neçə əsas səbəbləri var:
- vətəndaşların geri qaytarılma prosedurundan məlumatsız olması;
- səhv köçürmə zamanı vəsait alan şəxsin pulu könüllü qaytarmaması;
- məbləğ kiçik olduğu halda insanlar buna enerji və zaman ayırmaq istəmirlər;
- mövcud qanuni prosedurlara sona qədər əməl edilməməsi.

Bəs ödəniş terminalı və ya mobil tətbiq vasitəsi ilə səhvən pul köçürməsi zamanı vətəndaşlar itirdikləri vəsaitlərini necə geri qaytara bilər? Bu zamanı vətəndaş nə etməlidir?
1. Banka dərhal zəng edin və yazılı bildirişi verin.
- Əməliyyat vaxtını, məbləği, öz və qarşı tərəf kart nömrəsini bankınıza bildirin. Mütləq şəkildə elektron və ya yazılı formada rəsmi müraciət təqdim edin.
2. Bankdan tələb edin ki, həmin əməliyyatı geri çağırmaq üçün qarşı tərəfin bankına müraciət etsin.
- Bankdan həmin əməliyyatın geri çağırılması üçün qarşı tərəf bankına sorğu göndərməsini tələb edin. Bank bu halda qarşı tərəf bankı ilə əlaqə yaradaraq alıcı ilə könüllü razılıq əsasında vəsaiti qaytara bilər. Nəzərə almaq lazımdır ki, bank səhvən vəsait göndərilən hesabın sahibinin adını “bank sirri” haqqında qaydalara əsasən açıqlaya bilməz. Bu məlumat yalnız məhkəmə və ya hüquq-mühafizə orqanlarının sorğusu ilə təqdim olunur.
- Əgər bank məsələnin həlli üçün addım atmırsa, Mərkəzi Banka şikayət verin.
3. Alıcı pulun qaytarılmasını rədd edərsə Mülki Məhkəməyə müraciət edin.
- Əgər alıcı vəsaiti qaytarmaqdan imtina edərsə, Mülki Məcəllənin “əsassız varlanma” prinsipi əsasında mülki məhkəməyə iddia qaldırmaq mümkündür. Əsassız varlanma zamanı varlanan şəxs əsassız əldə olunmuş əmlakın geri qaytarılması öhdəliyi daşıyır. Məhkəməyə müraciət müddəti 2 ildir.
- Əməliyyatın təsviri (əlavə edilmiş ekran görüntüləri), göndərmə vaxtı, məbləğ, ödəniş əmri nömrəsi, bankla yazışma nüsxələri. Bunlar məhkəmədə və ya ərizədə əsaslı dəlil kimi istifadə ediləcək.
- Məhkəməyə müraciət üçün “Dövlət rüsumu haqqında qanun”-un 8-ci maddəsinə əsasən 1000 manatadək olan iddia üçün 30 manat rüsum tələb olunur. 1000 manatdan yuxarı məbləğin dövlət rüsumunu hesablamaq üçün dövlət rüsumunun hesablanması kalkulyatorundan istifadə edə bilərsiniz. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra əgər məhkəmə iddianızı qəbul edib, təmin edərsə ödənilən dövlət rüsumu və digər xərcləri də qarşı tərəfdən ala bilərsiniz.

Nəticə:
Ən effektiv üsul, bank vasitəsilə qarşı tərəfin könüllü razılığı əsasında vəsaitin geri qaytarılmasıdır. Əgər bu baş verməzsə, hüquqi mexanizm – məhkəmə iddiası vasitəsilə “əsassız zənginləşmə” əsasında həll mümkündür. Odur ki, vətəndaşlar bu cür halların qarşısını almaq üçün köçürmə zamanı kart nömrəsini dəfələrlə yoxlamalı, ödəniş terminalı və ya tətbiqdə göstərilən ad-soyad məlumatının uyğunluğuna diqqət etməlidirlər.
Səhv köçürülmüş vəsaitin geri alınması bəzən vaxt və hüquqi səbr tələb edir. Amma qanunvericilik bu prosesdə vətəndaşın hüquqlarını qoruyur. Əsas məsələ – düzgün prosedurlara əməl etmək və emosional qərarlar əvəzinə hüquqi alətlərdən istifadə etməkdir. Rəqəmsal maliyyə dövründə hər bir istifadəçi həm texnoloji, həm də hüquqi baxımdan savadlı olmalıdır.
Müəllif: Elnur Quliyev

