Aktivlərə görə ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America-nın baş direktoru Brayan Moynihan CNBC-yə müsahibəsi zamanı bildirib ki, əgər tənzimləyicilər icazə verərsə ölkənin bank sistemi kriptovalyutaları ödənişlər üçün qəbul etməyə hazırdır. Brian Moynihan qeyd edib ki, ABŞ bankları pərakəndə əməliyyatlar üçün kriptovalyutadan istifadə etməməyə çalışıblar, baxmayaraq ki, onların aktivlərin idarə edilməsi bölmələri bitcoin ETF-nin ticarətində iştirak ediblər. Onun sözlərinə görə, Prezident Donald Trampın rəqəmsal valyutalara olan həvəsi bank bazarının kriptovalyuta ödənişlərinə yanaşmasını dəyişə bilər.
Brayan Moynihan: “Əgər yeni qaydalar qüvvəyə minərsə və kriptovalyuta əməliyyatlarının sizin biznesdə istifadəsi reallığa çevrilərsə, o zaman bank sisteminin buna çoxdan hazır olduğunu görəcəksiniz”.
Bank of America-nın rəhbəri izah edib ki, kriptovalyuta əməliyyatları kredit kartları, debet kartları və Apple Pay ilə yanaşı başqa bir yeni ödəniş növü hesab olunacaq.

