Rusiya neft şirkətləri Çin və Hindistana neft satarkən Qərbin sanksiyalarından yan keçməyin yeni yolunu tapıblar – kriptovalyutalardan istifadə edirlər. “Reuters” informasiya agentliyi bu barədə bir neçə mənbəyə istinadən məlumat yayıb. Rusiya hakimiyyəti xarici ödənişlər üçün rəqəmsal valyutaların istifadəsini açıq şəkildə dəstəkləyir və keçən yay beynəlxalq ticarətdə kriptovalyuta ödənişlərinə icazə verən qanun qəbul etsə də, onların neft sektorunda istifadəsi indiyədək məlum deyildi. Bəzi Rusiya neft şirkətləri Çin yuanı və Hindistan rupisinin rus rubluna çevrilməsini asanlaşdırmaq üçün Bitcoin, Ethereum və USDT kimi stabilkoinlərdən istifadə edir. Sxem belədir: Rusiya neftinin çinli alıcısı vasitəçi şirkətə yuanla ofşor hesaba pul ödəyir. Vasitəçi bu pulu kriptovalyutaya çevirir və başqa hesaba köçürür, oradan Rusiyada üçüncü hesaba keçir və rubla çevrilir.

Rusiya belə bir sxemə əl atan ilk ölkə deyil. Kriptovalyutalar artıq İran və Venesuela kimi ABŞ-ın sanksiyaları altında olan ölkələrə qlobal neft bazarında əməliyyatlar üçün üstünlük verilən valyuta olan dollardan qaçaraq öz iqtisadiyyatlarını davam etdirməyə kömək edib. Rusiyanın bu addımı Venesuelanın Vaşinqtonun sanksiyalarını bərpa etməsindən sonra xam neft və yanacaq ixracında rəqəmsal valyutadan istifadəni sürətləndirməsindən sonra atılıb.
Müəllif: Elnur Quliyev
