Tramp Azərbaycana 10% vergi tətbiq etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən toplantıda dünya ölkələri üçün yeni vergi tariflərini açıqlayıb. Tramp deyib ki, qarşılıqlı tariflər “ABŞ-da daha ​​güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” yaradacaq. Yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək. Tramp Vyetnama 46%, Çin 34% Yaponiyaya 24%, Böyük Britaniyaya 10%, Cənubi Koreyaya 25%, Taylanda 36%, Türkiyə 10%, Braziliya 10%, İsrail 17%, Pakistan 29%, İsveçrəyə 31%, Tayvana 32%, Hindistana 26%, Qazaxstan 27%, Malayziyaya isə 24% tarif elan edib. Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%), Suriya 41% və Myanmara (44%) tətbiq edilir. Azərbaycan üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.

Yeni tariflərin tətbiqi beynəlxalq ticarət qaydalarını əhəmiyyətli dərəcədə dəyişəcək. Xüsusilə Çin 54%, Avropa İttifaqı ölkələri isə 20% tarif dərəcəsi ilə ağır zərbə alacaq. Bütün idxal olunan avtomobillərə dərhal 25% rüsumun tətbiqi ilə əlaqədar avtomobil sənayesi böyük dəyişikliklərlə üzləşəcək.

ABŞ-ın tarif siyasətinin Azərbaycana təsiri.

Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına baxmayaraq ölkəmiz ABŞ-dan daha çox mal idxal edir. Belə ki, 2024-cü ildə Azərbaycanda ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə ABŞ-a ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə ABŞ ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik. Yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq ABŞ ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil. ABŞ tarif siyasətinin mənfi tərəfləri Azərbaycanın ixracına deyil, daha çox idxalı istiqamətində olacaqdır. Çünki bu sərt siyasət ABŞ-la ticarət münasibətlərində olan, xammal tədarükü və ixrac edən ölkələrdə qiymət artımlarına gətirib çıxaracaq. Azərbaycanın isə idxaldan ciddi asılılığı olduğuna görə, bu mənfi təsir ilk növbədə ölkəmizə idxal etdiyimiz məhsulların qiymətində özünü biruzə verəcəkdir.

Leave a Reply