Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsi həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün son dərəcə əhəmiyyətlidir. Bu dərəcə ABŞ daxilində inflyasiya, məşğulluq və iqtisadi artımın tənzimlənməsində əsas alət olmaqla bərabər, qlobal miqyasda maliyyə sabitliyi, kapital axınları və valyuta balansına təsir edən strateji faktordur. Odur ki, FRS-in qərarları, qlobal investorların və mərkəzi bankların diqqətlə izlədiyi ən kritik hadisələrdən biridir.

FRS-in faiz qərarlarının ABŞ üçün əsas əhəmiyyəti:
- İnflyasiyanın nəzarətdə saxlanması:
- FRS faiz dərəcəsini artırmaqla iqtisadiyyatda pul təklifini azaldır, bu da inflyasiya ilə mübarizəyə kömək edir.
- Əksinə, iqtisadi durğunluq zamanı faizləri endirərək investisiya və istehlakı stimullaşdırır.
- İstehlak və kreditləşmə:
- Faiz dərəcəsi yüksəldikdə ipoteka, avtomobil krediti və biznes kreditləri bahalaşır, bu isə xərcləri azaldır.
- Aşağı faizlər isə kreditləri əlçatan edərək istehlakı və investisiyanı artırır.
- Əmək bazarı:
- Faizlər aşağı olduqda iş yerləri artır çünki şirkətlər daha çox sərmayə yatırır.
- Yüksək faizlər isə işsizlik riskini artırır.
Qlobal iqtisadiyyat üçün təsiri:
- Dolların qlobal rolu:
- ABŞ dolları dünyanın əsas ehtiyat valyutasıdır.
- FRS-in faiz artımı dolları gücləndirir, bu da digər ölkələrin borc xərclərini artırır.
- Sərmayə axınları:
- Yüksək faizlər ABŞ-ı sərmayə üçün daha cəlbedici edir və inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb ola bilər.
- Bu, həmin ölkələrin valyutalarını zəiflədir və iqtisadi riskləri artırır.
- Əmtəə qiymətləri:
- Qızıl, neft və digər əmtəələr dollarla qiymətləndirilir.
- Güclü dollar əmtəə qiymətlərini aşağı salır, zəif dollar isə bahalaşdırır.
Kriptovalyuta sektoru üçün təsiri:
- FRS faiz artırdıqda → dollar güclənir → Bitcoin və digər kriptovalyutalara olan tələbat azalır, kripto bazarda qiymətlər düşür.
- FRS faiz endirdikdə və ya sabit saxladıqda → dollar zəifləyir → investorlar “alternativ aktivlər”-ə yönəlir. Bitcoin və digər riskli aktivlər dəyər qazanır.
Hesab edirəm ki, FRS bu dəfə faiz dərəcəsini sabit saxlayacaq. FRS-in faiz dərəcələrini sabit saxlaması, ABŞ və qlobal iqtisadiyyat üçün sabitlik siqnalı verir. Lakin ticarət siyasətləri, inflyasiya təzyiqləri və iqtisadi artımın yavaşlaması kimi faktorlar, gələcəkdə əlavə tədbirlərin görülməsini zəruri edə bilər. Ehtimal edirəm ki, uçot faiz dərəcəsinin sabit saxlanması da kriptovalyuta sektoru üçün müsbət nəticə verəcək.
Müəllif: Elnur Quliyev

