Azərbaycan Texniki Universitetində (AzTU) rəqəmsal texnologiyaların inkişafı və onların müasir təhsil sisteminə inteqrasiyasına həsr olunmuş görüş təşkil olunub. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Rəqəmsal Transformasiya Şurasının üzvləri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Tədbirdə blokçeyn texnologiyalarının tətbiqi, rəqəmsal valyutaların maliyyə sisteminə inteqrasiyası, startap ekosistemi və beynəlxalq təcrübədə universitet-sənaye əməkdaşlığının mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.


Tədbirin praktiki hissəsində AzTU tələbələri üçün “Web3 startapları necə qurulur?” mövzusunda ustad dərsi keçirilib. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün moderatorluğu ilə keçirilən ustad dərsinin məqsədi rəqəmsal dünyada istifadə edilən Web3 startaplarının yaradılması və onlara investisiya cəlb edilməsi imkanları, maliyyə texnologiyalarının süni intellektlə inteqrasiayası kimi əhəmiyyətli məsələlər barədə tələbələrin bilik və bacarıqlarının artırılmasına töhvə verməkdir. Tədbirdə iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye işbirliyi tandeminə uyğun olaraq tələbələrin birbaşa sənayedə tədrisə cəlb olunan mütəxəssislərlə ünsiyyətdə olmasını müsbət dəyərləndirib və qeyd edib ki, gələcəkdə blokçeyn texnologiyası sahəsində peşəkar kadr hazırlığı, proseslərin izlənməsi və elmi-tədqiqatların aparılması universitet üçün prioritetdir.
Ustad dərsi “Bitget” kriptovalyuta birjasının icraçı direktoru Vüqar Usi Zadənin təqdimatında keçirilib. Təqdimat zamanı Vüqar Usi Zadə iştirakçılara birjanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, tələbələrə onlayn iş tapmaq imkanları və şəxsi inkişaf təcrübəsi barədə bölüşüb. Tədbir zamanı AzTU tələbələri üçün “Hackathon Startup” müsabiqəsi ilə bağlı elan verilib. Qeyd olunub ki, tələbələr 17 may tarixinə kimi blokçeyn, süni intellekt, verilənlər analitikası və oxşar texnologiya sahələrində startap ideyalarını təqdim edə bilərlər. Müsabiqənin sonunda qaliblərə pul mükafatı (1-ci yer 1.500$, 2-ci yer 1.000$, 3-cü yer 500$) təqdim olunacaq. Tədbir tələbələrlə sual-cavab sessiyası ilə yekunlaşıb.







