Texas ştatı 23 iyun tarixində bitcoin ehtiyatı haqqında qanun qəbul edib. Müvafiq qanun “SB 21” layihəsi ştatın qubernatoru Qreq Abbott tərəfindən imzalanıb. Texas Strateji Bitcoin Ehtiyatı – vergi ödəyicilərinin pullarından istifadə edərək bitkoin toplayacaq yeni hökumət fondudur. Texas qubernatoru paralel olaraq daha bir sənəd imzaladı – HB 4488. Bu qanun bitcoin ehtiyatını ümumi büdcənin xeyrinə vəsaitlərin mümkün çıxarılmasından qoruyur.

Texas ştatı Arizona və Nyu-Hempşirdən sonra bitcoin ehtiyatı haqqında qanun qəbul edən üçüncü ABŞ ştatı oldu. Ancaq əsas prinsipial fərq var: digər ştatlar yalnız belə ehtiyatlara icazə verirdilər, Texas isə faktiki olaraq dövlət vəsaiti ayırır və işçi struktur yaradır.
Fond ciddi qaydalar əsasında fəaliyyət göstərəcək: ona yalnız kapitallaşması 500 milyard dollardan çox olan aktivlər daxil edilə bilər. Hazırda yalnız Bitcoin bu tələbi ödəyir. Fond üç kripto investisiya mütəxəssisindən ibarət məsləhət komitəsinin rəhbərliyi altında “Texas Comptroller of Public Accounts” tərəfindən idarə olunacaq. Fond iki ildən bir öz aktivləri və fəaliyyəti haqqında hesabatlar dərc edəcək.

