Azərbaycan manatı: Regionda valyuta balansı

Pul təkcə mübadilə vasitəsi deyil – o, bir ölkənin, bir xalqın iqtisadi yaddaşı, siyasi sabitliyinin və gələcəyə inamının simvoludur. 2015–2025-ci illər dövrü Azərbaycan iqtisadiyyatı və milli valyutası – AZN üçün önəmli makroiqtisadi dəyişikliklərlə yadda qaldı. Bu müddətdə dünya bazarlarında baş verən neft qiymətlərindəki dalğalanmalar, geosiyasi faktorlar və pul siyasətindəki dəyişikliklər region ölkələrinin valyutalarına fərqli təsir göstərdi. Bu araşdırmada manatın əsas beynəlxalq və regional valyutalara qarşı (USD, EUR, TRY, RUB, GEL) son 10 ildə necə dəyişdiyi müqayisəli təhlil etməyə çalışdım.

2015–2025 illəri üzrə valyutaların 1 AZN qarşısında orta illik məzənnəsi:

İlUSD (Dollar) EUR (Avro)TRY (Türk lirəsi)RUB
(Rubl)
GEL
(Lari)
20151.051.160.380.0150.46
20161.551.720.470.0260.65
20171.701.920.440.0300.70
20181.702.000.320.0260.73
20191.701.900.290.0270.75
20201.701.950.230.0230.76
20211.702.000.190.0230.77
20221.701.800.110.0270.78
20231.701.830.090.0300.79
20241.701.850.060.0310.80
2025 (iyul)1.701.990.0420.0210.63

2015-ci ilin sonunda baş vermiş devalvasiyadan sonra USD/AZN məzənnəsi 1.05-dən 1.70-ə qədər yüksəldi və 2017-dən sonra stabil saxlanıldı. Bu vəziyyət manatın dollara qarşı sabitləşməsi kimi qəbul edilə bilər lakin bu stabillik əsasən rəsmi tənzimləmə nəticəsindədir. Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildən idarə olunan dəyişkən məzənnə rejimi tətbiq edir. Bu rejimdə manatın əsas beynəlxalq valyutalara qarşı (xüsusilə USD və EUR) stabilliyi süni şəkildə saxlanılır. Lakin digər regional valyutalarla (TRY, RUB, GEL) müqayisədə manatın nisbi gücü bazar reallıqları və struktur fərqlərdən irəli gəlir. Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz ixracına əsaslanır, bu da ölkəyə daimi valyuta axını təmin edir. Neft qiymətlərinin sabit qalması və Dövlət Neft Fondu vasitəsilə valyuta ehtiyatlarının idarə olunması manatın dayanıqlığını qorumağa imkan verir.

Türk lirəsi

Türk lirəsi son 10 ildə ən çox dəyər itirən valyutadır. 2015-də 1 AZN = 0.38 TRY olduğu halda, 2025-ci ildə 1 AZN = 0.042 TRY olmuşdür. Bu, 9 dəfə azalma deməkdir və Türkiyədə inflyasiya, faiz siyasətləri və siyasi qeyri-müəyyənliklərin təsiri ilə izah olunur. Türkiyə Mərkəzi Bankı 2018–2023-cü illərdə inflyasiya yüksəldiyi halda belə faiz dərəcələrini süni şəkildə aşağı saxladı. Bu, klassik iqtisadi qanunlara ziddir. Nəticədə: 2022-ci ildə inflyasiya 85%-ə yaxınlaşsa da, faiz dərəcəsi 9%-ə endirildi. Bu qərarlar investor etimadını azaltdı, lirədən qaçışı gücləndirdi. Bununla da, lirə sürətlə dəyər itirdi və digər regional valyutalar qarşısında zəifləməyə başladı. Paralel olaraq, Türkiyədə siyasi gərginliklər, tez-tez dəyişən iqtisadi komandalar, valyuta bazarına uğursuz müdaxilə cəhdləri lirənin riskini daha da artırır. Azərbaycan Türkiyədən çoxlu sayda məhsul idxal edir (qida, tekstil, tikinti materialı, texnika). Ödənişlər lirə ilə yox, əsasən ABŞ dolları və bəzən manatla aparılır. Buna görə manat-lirə məzənnəsi ticarətə dolayı təsir edir — çünki lirənin zəifləməsi Türkiyə mallarını ucuzlaşdırır, bu isə Azərbaycan üçün idxal cəlbediciliyini artırır. Bu, yerli istehsalçılara təzyiq yarada bilər, çünki lirə ucuzlaşdıqca Türkiyədən mal almağı daha sərfəli edir. Türkiyədən artan idxal ölkə daxilində tədiyyə balansına təzyiq yaradır çünki bu zaman dollara tələb artır və yerli istehsalı zəiflədir.

Avro

Avro 2020–2023 illərdə dollar qarşısında müvəqqəti zəifləsə də, 2024–2025 dövründə sabitləşdi və yenidən güclənməyə başladı. Avropa Mərkəzi Bankı tərəfindən həyata keçirilən anti-infilyasiya tədbirləri, faiz dərəcələrinin artırılması, fiskal konsolidasiya tədbirləri avronun digər valyutalara qarşı güclənməsinə səbəb oldu. Son illər Azərbaycandan Avropa ölkələrinə əmək miqrasiyası, təhsil üçün gediş, kapital köçürmələri artıb. Bu da o deməkdir ki, əhalidə avroya olan real tələb yüksəlib, nəticədə valyuta bazarında avronun qiyməti artım təzyiqinə məruz qalır. Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət əsasən xammal əsaslıdır (xüsusilə neft və qaz). Bu o deməkdir ki, avro ilə Azərbaycan arasındakı ticarət əlaqələrində dəyər baxımından asılılıq mövcuddur: Azərbaycan az məhsul ixrac edir lakin texnologiya, maşın və xidmət idxal edir – bu isə avro tələbini artırır və manata təzyiq yaradır.

Rubl

2014-cü ildə Krımın ilhaqı və xüsusilə 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Rusiyanın maliyyə sisteminə və rublun beynəlxalq bazarlardakı etibarına ağır zərbə vurdu. Buna cavab olaraq: Rusiya bank sistemi SWIFT-dən qismən çıxarıldı, rubl konvertasiya baxımından qapalı və tənzimlənən valyutaya çevrildi, beynəlxalq ticarət və investisiya axınları azaldı. Sanksiyalar rublun real bazar gücünü zəiflətdi. Nəticədə: rublun beynəlxalq istifadəsi məhdudlaşıb, vətəndaşlar valyuta ehtiyatlarını dollar, avro və ya kriptovalyutalara yönəldiblər. Əslində Rusiya da enerji ixracatçısıdır lakin Qərb ölkələrinin embarqosu nəticəsində ticarət həcmi və valyuta gəliri dəyər baxımından azalıb. Azərbaycan çoxşaxəli ticarət tərəfdaşları (Avropa, Türkiyə, Çin, MDB ölkələri) ilə işləyir, rubl asılılığı isə nisbətən azalıb. Azərbaycan və Rusiya arasında illik ticarət dövriyyəsi təqribən 3–4 milyard dollar təşkil edir. Əsas sahələr:

  • İdxal: Rusiya Azərbaycana ərzaq, texnika, avtomobil, kimya məhsulları ixrac edir.
  • İxrac: Azərbaycan Rusiyaya meyvə-tərəvəz, alüminium, plastik, spirtli içkilər və enerji məhsulları ixrac edir.

Azərbaycan Rusiyadan daha çox mal idxal edir və ticarət balansı mənfidirsə də, bu ticarət rubl ilə deyil, əsasən dollar ilə aparılır. Bu səbəbdən ticarət dövriyyəsinin birbaşa rubl tələbini artırma təsiri məhduddur. Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlı miqrantlar tərəfindən olan pul köçürmələrində son 5 ildə kəskin azalma var. Bu faktor, rublın Azərbaycan bank sistemindəki istifadəsi və dövriyyəsi də kifayət qədər təsir göstərib. Nəticədə manata qarşı rubl tələbi zəifləyir, bu da AZN/RUB məzənnəsini sabit saxlayır və ya manata cüzi üstünlük verir.

Manat necə dayanqlı qala bilib?

  • Mərkəzi Bankın valyuta siyasəti – manat “soft peg” rejimindədir, USD-ə stabil bağlanıb; bu da digər valyutalara qarşı da sabitlik yaradır.
  • Neft və qaz gəlirləri AMB-na bazarda müdaxilə imkanı verir, bu da valyuta sabitliyini dəstəkləyir.
  • Regional şərait – qonşu ölkələr (Türkiyə, Rusiya, Gürcüstan) iqtisadi və siyasi risklərlə üzləşərkən, manat nisbətən sabit qalmağı bacarıb.

Azərbaycan manatı 2015-ci ildən sonra baş verən devalvasiyaya baxmayaraq, sonrakı illərdə sabitlik nümayiş etdirdi. Bu, bir tərəfdən idarə olunan məzənnə rejiminin, digər tərəfdən isə enerji gəlirlərindən düzgün istifadə və makroiqtisadi sabitliyin göstəricisidir. Lakin valyuta bazarlarında sabitlik hər zaman müvəqqətidir – yeni geosiyasi risklər, qlobal monetar dəyişikliklər və texnoloji transformasiyalar manatın da qarşısında yeni sınaqlar yaradacaq. Qarşıdakı dövrdə təkcə “sabit məzənnə”yə deyil, dayanıqlı iqtisadi diversifikasiyaya və yerli istehsalın güclənməsinə ehtiyac var.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply