Bitcoin yeni rekord səviyyədə

Bitcoin iyulun 11-i tarixi maksimum qiymətini – 118.000 dollar həddini keçməyi bacardı. İlk kriptovalyuta Binance birjasında 118.404 dollara qədər bahalaşa bilib. Bahalaşmaya təsir edən əsas faktorlar – makroiqtisadi mühitin yaxşılaşması, “bitcoin ETF”-lərə olan kapital axını, kriptovalyuta birjlarında BTC ehtiyyatlarının son 3 ildə minimuma düşməsi, texnoloji şirkətlərinin səhmlərinin dəyər qazanması, FRS-in növbəti toplantısında uçot faiz dərəcəsinin azaldılması gözləntilərinin artması olub.

Qiymət artımına təsir edən mühüm amillərdən biri də Amerikada  kriptovalyutalar üçün əlverişli tənzimləmə mühitinin yaradılması ilə bağlıdır. ABŞ Konqresinin Nümayəndələr Palatasında kriptovalyutalarla bağlı üç mühüm qanun layihəsinə – rəqəmsal aktivlər bazarının şəffaflığı (CLARITY), stabilkoinlərin tənzimlənməsi (GENIUS) və mərkəzi bankın rəqəmsal valyutalarının (CBDC) istifadəsinə qarşı qanun layihəsinə baxmağı planlaşdırır. Bu qanun layihələri qəbul edilərsə, onlar ABŞ-da kriptovalyutaların tənzimlənməsini əsaslı şəkildə dəyişə bilər ki, bu da kriptovalyuta bazarında qiymətlərin artmasına müsbət təsir göstərəcəkdir. Ehtimal varki, bu cür müsbət dinamika davam davam edərsə 2025-ci ildə BTC-nin qiyməti 135.000-145.000 dolların aralığında görə bilərik. Lakin qiymət korreksiyası da mümkündür. Əgər ABŞ Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlayarsa, bu, riskli aktivlərə – o cümlədən BTC-yə olan tələbi azalda bilər və qiymət yenidən 105.000 dollara qayıda bilər. Mövcud şəraitdə isə BTC üçün 110.000-115.000 dollar səviyyəsində güclü dəstək var.

CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 3.6 trilyon dollara çatıb. Bitcoin 2.3 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 64%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə Alphabet (Google), Meta, Saudi Aramco, Tesla kimi şirkətləri və gümüşü geridə qoyaraq dünyanın ən bahalı aktivləri sırasında 6-cı pilləyə yüksəlib.

Müəllif:  Elnur Quliyev

Leave a Reply