Bitcoin 123.000 dollar: Pərdəarxası manipulyasiya mexanizmləri

Kriptovalyuta bazarında qiymətlərin hərəkəti təkcə fundamental və texniki faktorlarla izah olunmur. Tez-tez rast gəlinən “görünməyən” (manipulyativ və ya strateji) səbəblər də var ki, bunlar qısa müddətli qiymət sıçrayışlarını izah etməkdə mühüm rol oynayır. Bitcoin-in iyulun 14-də 123.200 dollara çatması ilkin baxışda makroiqtisadi sabitlik, institusional maraq və tənzimləmə mühitinin yaxşılaşması ilə izah olunsa da, hesab edirəm ki, bazarın dərinliklərində baş verən bir sıra manipulyativ amillər qiymət hərəkətlərinə daha ciddi təsir göstərir. Ən çox istifadə olunan 3 manipulyativ üsul aşağıdakılardır:

1. “Short” mövqeləri “likvidasiya etmək” məqsədilə süni yüksəliş.

Kriptovalyuta bazarında müntəzəm olaraq müşahidə olunun hallardan biri böyük investorların və market-makerlərin short (azalma yönümlü) mövqeləri “likvid etmək” üçün süni qiymət artımı yaratmasıdır. Yəni, böyük oyunçular qısa mövqedə olan treyderləri “bazardan çıxarmaq” üçün bazarı qısa müddətə yuxarı itələyirlər. Bu anda qəfil sıçrayışlar (izahi mümkün olmayan) baş verir:

  • Bu zaman alqı təzyiqini artırır və qiymət psixoloji səviyyəni keçir (məsələn, BTC 120.000 USD psixoloji həddi keçərək 123.200 USD qədər bahalaşır).
  • Short mövqedə olan treyderlər stop-loss və ya likvidasiya limitləri ilə likvid edilir. (14 iyul tarixində 10 saat ərzində likvidasiya həcmi 625 milyon dollar oldu).

Nəticədə, cari qiymət artımı real kapital axınına deyil, leveraged (borcla alınmış) mövqelərin məhv edilməsinə əsaslanır.

2. Alqoritmik treydinq və “stop hunting”

Böyük treyderlər bazarın likvid olmayan bölgələrində stop-loss ovuna çıxır. “Buy wall” və “sell wall” yerləşdirib, alqoritmlərlə bazarı istiqamətləndirirlər. Bu davranışlar da psixoloji səviyyələrin tez keçilməsinə və kiçik treyderlərin panikaya düşməsinə səbəb olur.

3. Institusional “FOMO yaratma” və likvidlik toplama

Böyük oyunçular BTC-ni real bazardan deyil, birjadan kənar ticarət platformalarından (OTC) yığmaq üçün ictimaiyyət arasında FOMO (fear of missing out) yaradır. Qiymət qalxır, kütlə daxil olur, institusional oyunçular isə “ən pik” qiymətdə satış edərək likvidlik çıxarır.

Kriptovalyuta bazarındakı manipulyativ davranışlar, xüsusilə də süni qiymət artımları, qısa mövqelərin məhv edilməsi, alqoritmik “stop hunting” və institusional FOMO strategiyaları bazarın təbii dinamikasına kölgə salır. Süni qiymət dəyişiklikləri investorların bazara olan inamını zəiflədir, xüsusilə yeni iştirakçılar arasında itkilər geniş yayılır. Bu cür hallar yalnız fərdi treyderlər üçün risk deyil, həm də bazarın uzunmüddətli etibarlılığına birbaşa təhdiddir.

Bes treyderlər bu manipulyasiyalardan necə qoruna bilər?

a) Stop-loss və Take-profit strategiyalarını optimallaşdırmaq: Təsadüfi və emosional stop-loss nöqtələri əksər hallarda alqoritmlərin hədəfinə çevrilir. Treyderlər real dəstək və müqavimət səviyyələrinə əsaslanan texniki stop-loss-lar tətbiq etməlidir.

b) Bazarın “emosional temperaturunu” izləmək: Sosial media və xəbər başlıqları ilə yaranan “hype” və “panik” vəziyyətlərindən uzaq qalmaq əsas qoruyucu vasitədir.

Kriptovalyuta bazarının gələcəyi yalnız texnologiyanın deyil, həm də etik davranışların və effektiv tənzimləmələrin inkişafı ilə formalaşacaq. Treyderlərin şüurlu qərar verməsi, media və ictimaiyyətin isə tənqidi düşünməsi bu prosesdə həlledici rol oynayacaq. Həqiqi bazar dəyərlərinə əsaslanan ekosistem yalnız bu cür şəraitdə mümkün olacaq.

Müəllif:  Elnur Quliyev

Leave a Reply