Son illərdə qlobal avtomobil sənayesində diqqət çəkən ən böyük dəyişikliklərdən biri Çin istehsalı avtomobillərin yüksəlişidir. Bu günə qədər “ucuz, keyfiyyətsiz və kopyalanmış” imici ilə tanınan Çin markaları artıq Avropa və ABŞ istehsalçılarını dizayn, texnologiya və qiymət siyasəti baxımından sıxışdırmağa başlayıb. Dövlət dəstəyi, güclü daxili bazar və elektrikli avtomobil inqilabı – bütün bunlar Çin avtomobillərini yeni bir mərhələyə daşıyır. Bəs Çin bunu necə bacardı və niyə hazırda dünyanın ən sürətlə böyüyən avtomobil gücünə çevrilib? Bu araşdırmda bunu izah etməyə çalışacam.
Çində istehsalı avtomobil markalarının ucuz olmasının 7 əsas strateji səbəbi:
- Dövlət dəstəyi və texnologiya transferi.
Çin hökumətinin subsidiyaları, vergi güzəştləri və sənayeni yönləndirən siyasətləri şirkətlərə erkən maliyyə və strateji üstünlük verir; eyni zamanda xarici texnologiyaların alınması və yerli tətbiqi sürətləndirilir. - Geniş daxili bazar və sürətli istehsal-logistika.
Böyük daxili istehlak bazarı məhsulların test-təkmilləşdirilməsini və kütləvi istehsalı asanlaşdırır; yüksək istehsal qabiliyyəti və optimallaşmış təchizat zənciri ixracı sürətləndirir. - Aşağı istehsal xərcləri və aqressiv qiymət siyasəti.
İşçi qüvvəsi, yerli xammal və geniş tədarükçi ekosistemi ilə bir yerdə gələn aşağı birbaşa xərclər – bu da avtomobilləri Avropa/ABŞ rəqiblərinə nisbətən daha sərfəli etməyə imkan yaradır. - Elektrikli avtomobillərə (EV) fokus və batareya ekosistemi.
Çin EV-lərə və batareya istehsalına strateji investisiya qoyub; bu, həm qiymət, həm performans, həm də təchizat təhlükəsizliyi baxımından böyük üstünlük yaradır. - Sürətli innovasiya və AR-GE tətbiqi.
Avtonom sürüş, süni intellekt və digər yeni texnologiyaların sürətli prototiplənməsi və tətbiqi sayəsində bazara tez uyğunlaşıb rəqabət üstünlüyü qazanırlar. - Dizaynın inkişafı və brend yetkinliyi.
Sadəcə “kopiya” dövrünü keçərək daha cəlbedici, funksional və beynəlxalq zövqə uyğun dizaynlar təqdim edirlər — bu, marka qəbulunu və satışları artırır. - Qlobal ekspansiya strategiyası.
Aşağı qiymət, uyğun məhsul portfeli və aktiv beynəlxalq marketinq/liaison strategiyaları sayəsində Avropa, ABŞ və digər bazarlarda sürətlə pay götürməyə çalışırlar.
Çin avtomobilləri hazırda dizayn, texnologiya və qiymət balansına görə Avropa və ABŞ-dən irəlidədir. Yəganə zəif tərəfi brend nüfuzu və uzunmüddətli keyfiyyət etibarlılığıdır ki, bu fərq də ildən-ilə azalır.

Bəs Çin buna necə nail oldu?
Çin bu uğura sadəcə ucuz işçi qüvvəsi ilə deyil, uzunmüddətli planlaşdırma və strateji dövlət dəstəyi ilə çatdı. Texnologiya transferi və xarici şirkətlərlə ortaq zavod siyasəti sayəsində həm istehsal təcrübəsi, həm də müasir texnologiyalar sürətlə mənimsənildi. Güclü daxili bazar isə həm təcrübə meydanı, həm də innovasiyaların sürətlə sınaqdan keçirilməsi üçün ideal imkan yaratdı. Eyni zamanda Çin şirkətləri aqressiv qiymət siyasətini müasir dizayn və zəngin opsiyalarla birləşdirərək, qlobal istehlakçının diqqətini üzərinə çəkə bildi. Bu məqamda Çin hökümətinin 3 əsas strateji inkişaf istiqamətini qeyd etmək istəyirəm:
1. Strateji dövlət siyasəti.
- Çin hökuməti avtomobil sektorunu prioritet elan etdi.
- Yüksək subsidiyalar, vergi güzəştləri və sərfəli kreditlər verildi.
- Elektrikli avtomobillərə xüsusi proqramlarla milyardlarla dollar investisiya yatırıldı.
2. İstehsal gücü və qiymət üstünlüyü.
- Çin dünyada ən böyük avtomobil bazarına malikdir: illik 25 milyon ədəd
- Bu, həm kütləvi istehsal imkanını, həm də ucuz maya dəyərini təmin etdi.
- Təchizat zənciri tam yerli bazada quruldu (xammal, batareya, mikroçiplər, işçi qüvvəsi).
3. Texnologiya və qlobal strategiya.
- Əvvəllər “kopyaçı” imici var idi, indi isə dizayn və texnologiyada orijinal addımlar atılır.
- AR-GE-yə böyük sərmayələr qoyuldu: avtonom idarəetmə, süni intellekt, batareya texnologiyası.
- Avropa, Asiya, Afrika bazarlarına aqressiv qiymət və uyğun model siyasəti ilə çıxış edirlər.

Çin avtomobil sənayesinin 2000-2035 illər üzrə strategiyası – tarixi faktlar
2000–2010: Öyrənmə və tərəfdaşlıq dövrü
- Çin bazarında qərar: “Hər xarici marka Çin bazarına girmək üçün yerli şirkətlə ortaq zavod qurmalıdır.” VW-SAIC, Toyota-FAW, BMW-Brilliance və s.
- Bu yolla texnologiya transferi oldu (dizayn, mühərrik, təhlükəsizlik).
- Eyni zamanda, ilk “xarici görünüşlü, amma daxili zəif” Çin brendləri yarandı (Chery, Geely, Great Wall).
2010–2015: Elektrikli avtomobilə sıçrayış hazırlığı
- Çin hökuməti EV (elektrikli avtomobil) üçün subsidiyalar elan etdi.
- Şəhərlərdə yanacaq avtomobillərinə məhdudiyyətlər qoyuldu, EV-lərə yaşıl nömrə nişanı verildi (imtiyazlar).
- Dövlət CATL və BYD kimi batareya şirkətlərinə milyardlarla yatırım etdi.
- İlk “ucuz elektrikli şəhər maşınları” (BYD Qin, BAIC EV) bazara çıxdı.
2015–2020: “Made in China 2025” planı
- Məqsəd: Çini elektrikli avtomobillərdə qlobal lider etmək.
- Böyük startap dalğası başladı: Nio, Xpeng, Li Auto quruldu.
- Avropa markaları hələ də dizel/benzin mühərriklərinə fokuslanmışdı, Çin isə artıq EV ixracına hazırlaşırdı.
- Tesla Şanxayda zavod açmağa məcbur oldu – bu, həm texnologiya, həm də imic baxımından Çinə güc verdi.
2020–2025: Qlobal bazara çıxış (indiki mərhələ)
- Çin artıq dünyanın ən böyük EV istehsalçısı və ixracatçısıdır.
- BYD satışda Tesla-nı geridə qoydu.
- Çin modelləri Avropaya (Norveç, Almaniya, Fransa) və Latın Amerikası, Afrika bazarlarına ixrac olunur.
- Qiymət + dizayn + texnologiya kombinasiyası ilə Avropa və ABŞ markalarını sıxışdırmağa başlayıblar.
2025–2030: Strateji hədəflər
- Çin hökuməti hədəf qoyub: 2030-cu ilə qədər yeni avtomobil satışlarının 50%-i EV olmalıdır. Avropada bu rəqəm təxminən 30–35% gözlənilir.
- Çin öz “ağıllı avtomobil ekosistemi”-ni qurur – 5G şəbəkə, avtonom idarəetmə, süni intellekt inteqrasiyası.
- Avropa və ABŞ brendləri artıq Çin texnologiyasından asılı qalmağa başlayır (batareya, çip, sensor).
2030–2035: Liderlik və standartları diktə etmək
- Çin planlaşdırır ki, artıq avtomobil texnologiyalarının standartlarını özü müəyyən etsin.
- Yəni, “dünya batareya standartı”, “avtonom idarəetmə qaydaları” Çinin hazırladığı texnologiya əsasında olacaq.
- Bu dövrə qədər “Çin markası = ucuz” imici yox olacaq, əvəzində “Çin markası = qabaqcıl texnologiya” imici formalaşacaq.

Çin avtomobil brendlərinin hələ də uduzduğu sahələr:
- Keyfiyyətin uzunmüddətli davamlılığı
- Toyota, Honda, Hyundai və Ford-un 10–15 illik “möhkəmlik reputasiyası” var.
- Çin maşınlarının 5 ildən sonrakı etibarlılığı barədə real statistik məlumat hələ çox azdır.
- İkinci əl bazarında dəyər
- Məsələn, Toyota RAV4 5 ildən sonra da qiymətini yaxşı saxlayır.
- Çin avtomobilləri isə 3–5 ildən sonra 30–40% ucuzlaşır, alıcı tapmaq çətinləşir.
- Qlobal brend dəyəri və imic
- Yapon və Koreya markaları artıq “təhlükəsiz seçim” kimi qəbul olunur. Mercedes, BMW, Lexus kimi brendlər isə “status simvolu” kimi qəbul edilir.
- Çin brendləri bəzi alıcılarda “ucuz və riskli” kimi qalır və hələ ki, premium seqmentdə bu imici yarada bilməyib (çalışırlar, məsələn: NIO, Hongqi, Zeekr).
- Təhlükəsizlik testləri və beynəlxalq sertifikatlar
- Avropa və ABŞ modelləri Euro NCAP, IIHS, NHTSA testlərində yüksək nəticə göstərir.
- Çin modelləri son illərdə irəliləyiş göstərsə də, hələ hamısı beynəlxalq testlərdə eyni səviyyəyə çatmayıb.
- Servis və ehtiyat hissələri şəbəkəsi
- Toyota, Hyundai və Chevrolet-in bütün dünyada servis şəbəkəsi var.
- Çin markaları isə yalnız bəzi ölkələrdə (o cümlədən Azərbaycanda) yeni-yeni dilerlər qurur. Ehtiyat hissələrinin gecikməsi problem ola bilər.

Azərbaycanda Çin avtomobil brendləri
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda 26.400-dən çox Çin istehsalı avtomobilləri qeydiyyata alınıb. Ən çox yayılmış modellər sırasında “Changan” (8.950 ədəd), BYD (4.083) və “Chery” (3.095) öndə gedir. Bundan başqa, “Geely” (2.482), “Haval” (2.655), “Baic” (1.842) və FAW (1.114) kimi markaların da sayı minlərlə ölçülür. Nisbətən az paya malik modellər isə “Dong Feng” (557), “Great Wall” (885), GAC (549) və JAC (258) olub.
Ölkəmizdə alıcıların Çin avtomobillərinin seçməsinin əsas səbəbləri:
- Qiymət üstünlüyü – Eyni sinifdə olan Toyota, Hyundai və ya Kia modellərindən 25–40% ucuz satılır.
- Dizayn və texnologiya – Yeni Çin maşınları artıq köhnə imici dağıdıb, Avropa üslubunda dizayn və müasir texnologiya ilə istehsal edilir. Çin markaları avadanlıq və texnologiya baxımından zəngin komplektasiya təklif edir ki, bu da alıcıların marağını artırır.
- Yanacaq sərfiyyatı – Çoxu hibrid və ya elektrikli modellər təqdim edir, bu da uzunmüddətli xərcləri azaldır.
- Vergi və gömrük güzəştləri sayəsində Çindən idxal olunan elektrik və hibrid avtomobillər digər enerji növlərinə nisbətən az vergi ilə idxal edilir.
- Diler və servis şəbəkəsinin genişlənməsi – Changan və Chery Azərbaycanda rəsmi nümayəndəlik açaraq servis, zəmanət və ehtiyat hissələri təmin edir.
- Psixoloji faktor – İnsanlar əvvəl “Çin maşını = keyfiyyətsiz” stereotipi ilə yanaşırdılar lakin indi yeni modellərin testləri, YouTube icmalları və real istifadəçi rəyləri bu imici dəyişir.
Çin avtomobil sənayesi artıq yalnız “ucuz alternativ” deyil, “qabaqcıl texnologiya və əlçatan qiymət” simvoluna çevrilməkdədir. Ənənəvi istehsalçılar – Toyota, Hyundai, KİA və hətta Mercedes kimi brendlər belə Çin markalarının artan təzyiqini hiss edirlər. Lakin uzunmüddətli etibarlılıq, ikinci əl dəyəri və qlobal brend imici məsələlərində Çin hələ də tam qələbə qazana bilməyib. Əgər Çin avtomobil sənayesi qarşıdakı 5–10 ildə bu boşluqları da doldura bilsə, dünya avtomobil bazarının yeni qaydalarını məhz Pekin müəyyən edəcək.
Müəllif: Elnur Quliyev


