IsDB 2026: Bakıdan qlobal halal iqtisadiyyata baxış və yeni imkanlar

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən IDB Halal Economy Leadership Forum və Azerbaijan Halal Business Forum 2026 (AZHAB) tədbirlərində iştirak etmək və beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparmaq mənim üçün maraqlı və faydalı bir təcrübə oldu. Bu kimi nüfuzlu beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilati potensialının göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq təşəbbüsləri, biznes diplomatiyası və ölkədə yaradılmış müasir infrastruktur bu prosesdə mühüm rol oynayır. Tədbirin açılış mərasimində diqqət çəkən məqamlardan biri Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərlinin Qurani-Kərim tilavəti ilə çıxış etməsi oldu. Gənc bir azərbaycanlının belə nüfuzlu beynəlxalq platformada ölkəmizi təmsil etməsi xüsusi qürur hissi doğuran məqamlardan biri kimi yadda qaldı.

   Tədbirdə dünyanın müxtəlif regionlarından onlarla ölkəni təmsil edən dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, investorlar və ekspertlər iştirak edirdi. Onların bir qismi ilə, xüsusilə də Afrika ölkələrindən olan nümayəndələrlə yaxından ünsiyyət qurmaq, Azərbaycan haqqında ilk təəssüratlarını dinləmək, ölkəmizin iqtisadi imkanları, turizm potensialı və beynəlxalq layihələri barədə fikir mübadiləsi aparmaq olduqca maraqlı oldu. Xüsusilə diqqət çəkən məqamlardan biri də bir çox xarici nümayəndələrin Bakının müasir infrastrukturu, təhlükəsizliyi və qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirməsi idi. Bu müsbət təəssüratları birbaşa xarici nümayəndələrdən eşitmək mənim üçün bir azərbaycanlı olaraq xüsusi qürur hissi doğurdu.

      Halal iqtisadiyyatı artıq qlobal iqtisadiyyatın ən perspektivli və sürətlə inkişaf edən istiqamətlərindən biridir. Bu ekosistem təkcə qida sənayesi ilə məhdudlaşmır, həmçinin:

  • İslam maliyyəsi və bankçılığı
  • İnvestisiya fondları və kapital bazarları
  • FinTech və rəqəmsal ödəniş həlləri
  • Halal sənaye və istehsal
  • Turizm və xidmət sektoru kimi geniş sahələri əhatə edir.

Bu forumlar Azərbaycan üçün yeni strateji imkanlar yaradır:

  • İslam maliyyə alətlərinin ölkəmizdə inkişafı
  • Xarici investisiyaların cəlb edilməsi
  • Yerli şirkətlərin qlobal halal bazarlarına çıxışı
  • Bakı şəhərinin regional biznes və maliyyə mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi

     Hesab edirəm ki, yaxın illərdə İslam maliyyəsi, halal iqtisadiyyat və rəqəmsal texnologiyaların inteqrasiyası yeni iqtisadi imkanların və innovativ biznes modellərinin formalaşmasında mühüm rol oynayacaq.

Müəllif: Elnur Quliyev

Leave a Reply