Məkkədə süni intellekt dövrü: Zəvvarların təhlükəsizliyi necə qorunur?

Dünyanın ən böyük kütləvi toplaşmalarından biri olan Həcc mərasimində artıq süni intellekt görünməz təhlükəsizlik köməkçisi kimi fəaliyyət göstərir. Bildiyimiz kimi, Həcc dünyanın ən böyük kütləvi insan toplantılarından biridir. Hər il milyonlarla zəvvarın eyni vaxtda məhdud bir ərazidə hərəkəti təhlükəsizlik xidmətləri üçün ciddi çətinlik yaradır. Məhz buna görə Səudiyyə Ərəbistanı ənənəvi müşahidə sistemlərini süni intellekt (AI) texnologiyaları ilə gücləndirir.

      Həcc və Ümrə zamanı istifadə edilən Baseer adlı süni intellekt platforması kameralar, sensorlar və böyük həcmli məlumatların təhlili əsasında insanların hərəkətini izləyir. Sistem real vaxt rejimində insan axınını analiz edir və:

  • zəvvarların sayını hesablayır;
  • hərəkət istiqamətlərini izləyir;
  • sıxlıq səviyyəsini ölçür;
  • izdiham riskinin yarana biləcəyi nöqtələri müəyyən edir.

Əldə edilən məlumatlar operativ idarəetmə mərkəzlərinə ötürülür və təhlükəsizlik əməkdaşlarının daha sürətli qərar qəbul etməsinə yardım edir. Baseer sisteminin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun görüntüləri sadəcə qeydə alması deyil, onları süni intellekt vasitəsilə kontekstə uyğun şəkildə qiymətləndirməsidir. Sistem izdihamın davranış modellərini təhlil edərək normal hərəkət axınından fərqlənən vəziyyətləri müəyyən etməyə kömək edir. Bu texnologiya təhlükəsizlik qruplarına hadisələr baş verdikdən sonra deyil, mümkün risklər yaranarkən reaksiya göstərmək imkanı yaradır. Baseer eyni zamanda Həcc və Ümrə zamanı milyonlarla zəvvarın hərəkətinin daha səmərəli idarə olunmasına dəstək verən rəqəmsal həllərdən biri hesab olunur.

Süni intellektin əsas üstünlüyü onun fasiləsiz işləməsindədir. İnsan operatorlarından fərqli olaraq AI eyni anda minlərlə kamera görüntüsünü təhlil edə, insan gözündən yayınması mümkün olan potensial riskləri aşkar edə bilir. Bununla belə, AI insanı əvəz etmir. Texnologiya yalnız qərar qəbul edən təhlükəsizlik qruplarına əlavə dəstək verir. Son qərarlar hələ də təcrübəli mütəxəssislər və operativ qruplar tərəfindən verilir.    

Məkkə şəhərində tətbiq edilən bu cür sistemlər gələcəkdə stadionlarda, böyük konsertlərdə, beynəlxalq tədbirlərdə, hava limanlarında və sıx şəhər mərkəzlərində daha geniş istifadə oluna bilər. Süni intellekt haqqında danışarkən çox vaxt robotlar və uzaq gələcək təsəvvür edilir. Halbuki, ən mühüm texnoloji dəyişikliklərdən bəziləri artıq bu gün səssiz şəkildə insanların həyatını qorumaq üçün fəaliyyət göstərir. Məkkədə tətbiq olunan bu texnologiya süni intellektin yalnız gələcəyin deyil, artıq bu gün insanların təhlükəsizliyinə xidmət edən real bir vasitəyə çevrildiyini göstərir.

Müəllif: Elnur Quliyev

Leave a Reply