10–11 sentyabrda ABŞ-da açıqlanan iqtisadi göstəricilər (PPİ, CPİ) kriptovalyuta bazarında canlanmaya səbəb oldu. İstehsalçı qiymətləri indeksi (PPI) gözləniləndən aşağı düşərək inflyasiya təzyiqlərinin zəiflədiyini göstərdi. Bununla yanaşı, istehlakçı qiymətləri indeksi (CPI) aylıq 0.4% yüksələrək bazar gözləntilərini aşdı. Bu, ilin ən böyük artımı olub. Eyni zamanda, illik inflyasiya 2,9%-ə çatıb ki, bu da iyul ayı ilə müqayisədə 0,2% çoxdur. Bu, yanvar ayından bəri ən yüksək göstəricidir və inflyasiyanın hələ də tam nəzarətə alınmadığını göstərərək Federal Rezerv Sisteminin (FES) faiz endirimi qərarlarını gecikdirə bilər. İşsizlik müraciətlərinin artması da ABŞ iqtisadiyyatında zəifləmə siqnalları verir. Maraqlı faktor bu oldu ki, yüksək (2.9%) inflyasiya (ABŞ standartlarına görə) kripto investorlar arasında əhval dəyişikliyinin əsas katalizatoru olmadı. İşsizlik müavinəti üçün müraciətlərin sayının artması daha böyük təsir göstərdi – konsensus proqnozu 235,000 əvəzinə 263,000-ə qədər. ABŞ əmək bazarındakı problemlər investorlarda FES-in növbəti iclasında uçot dərəcəsinin 0.25% aşağı salınacağına ümidini verdi. Nəticədə, Bitcoin 116.665, Ethereum 4,730, Solana 241, BNB 930, Ripple 3.1 dollara qədər dəyər qazandı. Kriptovalyuta bazarının ümumi bazar kapitalizasiyası isə 4 trilyon dolları keçdi.

Məlumat üçün qeyd etmək istəryirəm ki, ABŞ-ın 5 əsas iqtisadi göstəriciləri kriptovalyuta bazarında qiymətlərə birbaşa və dolayı yolla təsir edir:
1. Federal Rezerv Sisteminin faiz dərəcəsi (Federal Funds Rate)
FRS-in monetar siyasətində əsas vasitədir. Faiz dərəcələrinin dəyişməsi iqtisadiyyatda kredit faizlərinə, likvidliyə və riskli aktivlərə marağa birbaşa təsir edir. FRS bu vasitə ilə iqtisadiyyatdakı pul təklifini idarə edir. Faiz dərəcəsinin artırılması kreditləri bahalaşdırır və istehlak xərclərini azaldır. Bu, inflyasiyanı nəzarətdə saxlamaq məqsədi daşıyır.
- Faiz artımı – riskli aktivlərə maraq azalır, kriptovalyutaların qiymətləri enir.
- Faiz azaldılması – investorların riskli və alternativ aktivlərə maragı artır. Kriptovalyutalar dəyər qazanır.
2. İstehlak qiymətləri indeksi – CPI (Consumer Price Index)
Əhalinin gündəlik istehlak etdiyi mallar və xidmətlərin qiymət səviyyəsini ölçür, inflyasiya səviyyəsinin göstəricisidir. CPI-nin artımı həm də istehlak xərclərinin və həyat səviyyəsinin təsirlərini göstərir. Sosial və siyasi qərarlar da bu göstəriciyə əsaslana bilər.
- Yüksək CPI – investorlar inflyasiyaya qarşı qorunmaq üçün rəqəmsal aktivlərə yönəlir.
- Aşağı CPI – dolların gücü artır, riskli aktivlərə maraq azalır.
3. İstehsalçı qiymətləri indeksi – PPI (Producer Price Index)
PPI istehsalçıların məhsul və xidmətlər üzrə satış qiymətlərindəki dəyişiklikləri izləyir. Bu göstərici inflyasiyanın ilkin mərhələsini təmsil edir və CPI-yə öncədən siqnal verir. PPI göstəricisi investorların gələcəkdə gözlənilən FRS siyasəti haqqında proqnoz verməsinə kömək edir.
- PPI-nin artması – yüksək istehsal xərcləri inflyasiyanın artacağına işarədir, bu da bitcoin-ə tələbi artırır.
- PPI-nin azalması – inflyasiya təzyiqləri zəifləyir, bitcoin-ə maraq azala bilər.
4. İşsizlik səviyyəsi (Unemployment Rate)
ABŞ-da işləməyən əmək qabiliyyətli əhalinin faizini göstərir. İşsizlik göstəriciləri hər ay açıqlanır və bazarda dərhal reaksiya doğurur. FRS-in siyasətinə və ümumi iqtisadi aktivliyə təsir edir. İşsizlik yüksək olduqda FRS faizləri aşağı saxlamağa meyilli olur.
- Aşağı işsizlik – iqtisadi inam və sərmayə artımı ilə kriptovalyutalara maraq yüksəlir.
- Yüksək işsizlik – riskli aktivlərə olan maraq azalır, kriptovalyutalar satış təzyiqi ilə üzləşir.
5. ABŞ dollarının gücü (Dollar Index – DXY)
ABŞ dollarının 6 əsas valyutalar (EUR, JPY, GBP, CAD, SEK, CHF) səbətinə qarşı nisbi gücünü ölçən göstəricidir. Bu indeks dolların qlobal bazarda ümumi performansını təhlil etmək üçün istifadə olunur və maliyyə analitikləri, investorlar və mərkəzi banklar üçün vacib göstəricilərdən biridir. DXY qlobal ticarət və sərmayə axınlarında mühüm rol oynayır.
- Dolların güclənməsi – kriptovalyutalara mənfi təsir edir, çünki investorlar daha stabil gəlirə malik dollara üstünlük verirlər.
- Dolların zəifləməsi – bitcoin “təhlükəsiz liman” kimi cazibədar olur.
Bu indikatorlara əsaslanaraq qısa və orta müddətli mövqedə investisiya strategiyasının qurulması olduqca əhəmiyyətlidir. Nəticə etibarilə, kriptovalyutaların gələcəyi yalnız texnologiya və bazar psixologiyası ilə deyil, eyni zamanda ABŞ iqtisadi siyasətinin qlobal rezonans doğuran qərarları ilə sıx şəkildə bağlıdır. İnvestorların daha rasional qərarlar verməsi üçün bu göstəricilər üzrə müntəzəm analizlər və proqnozlar aparması zəruridir.
Müəllif: Elnur Quliyev

