Bitcoin $65.000: Kriptovalyuta bazarı hara gedir?

         Kriptovalyuta bazarında hazırda ilk baxışda ziddiyyətli mənzərə formalaşıb. Bitcoin yenidən $65.000 ətrafında qərarlaşıb, Ethereum isə $1.900 səviyyəsini qorumağa çalışır. Bir tərəfdən institusional kapitalın geri qayıtmasına işarə edən ETF axınları var, digər tərəfdən isə qiymətlər hələ də 2025-ci ilin zirvələrindən çox aşağıdadır. Bu səbəbdən hazırkı bazarı klassik “bull market” və ya “bear market” kimi qiymətləndirməkdənsə, böyük korreksiyadan sonra yeni istiqamətin formalaşdığı keçid mərhələsi kimi qiymətləndirmək daha doğru görünür. Hazırda əsas sual Bitcoin-in $65.000 səviyyəsinə qayıtması deyil, bu zonadan yuxarı davamlı tələb formalaşdırıb-formalaşdıra bilməməsidir.

Bitcoin üçün 65.000 dollar kritik zonadır

       Bitcoin 2025-ci ilin oktyabrında təxminən $126.198 tarixi maksimumuna çatmışdı. Hazırkı $65,000 səviyyəsi həmin zirvədən təxminən 48% aşağıdır. Başqa sözlə, bazar əvvəlki yüksəliş dövrünün qazancının böyük hissəsini geri verib. Lakin son günlərdə struktur müəyyən qədər dəyişib. Bitcoin avqustun əvvəlində $62.000–63.000 zonasına qədər geri çəkildikdən sonra yenidən $65.000 üzərinə yüksəlib. 10 avqust tarixində BTC-nin $65.000 üzərində qalması və 200 həftəlik hərəkətli ortalamadan dəstək alması texniki baxımdan müsbət siqnal kimi qiymətləndirilir. Burada əsas məsələ isə sadəcə $65.000-a çatmaq deyil, bu səviyyənin üzərində möhkəmlənməkdir. Hazırkı texniki mənzərədə:

  • $64,000–65,000 — əsas qısamüddətli dəstək zonası;
  • $65,450–65,550 — ilk ciddi müqavimət;
  • $66,000 ətrafı — növbəti texniki hədəf;
  • $70,000 — psixoloji və texniki baxımdan daha ciddi müqavimət;
  • $60,000 — aşağı istiqamətdə əsas müdafiə zonasıdır.

      Son texniki analizlərdə də BTC üçün $64,990–65,000 zonası dəstək, $65,450–65,550 isə breakout-un təsdiqlənməsi üçün əsas zona kimi göstərilir. $65.500 üzərində davamlı günlük bağlanış və artan spot həcm breakout-un daha etibarlı təsdiqi sayılar və $68.000–70.000 zonasını gündəmə gətirə bilər. Əksinə, $64,000 səviyyəsi itirilərsə, bazar yenidən $62,000 və daha sonra $60,000 zonasını test edə bilər.

Ethereum daha həssas vəziyyətdədir

        Ethereum-un vəziyyəti Bitcoin-dən daha mürəkkəbdir. ETH 2025-ci ilin avqustunda təxminən $4,946 tarixi maksimumuna çatmışdı. $1,900 səviyyəsində Ethereum həmin zirvədən təxminən 62% aşağıdır. Bu, ETH-nin Bitcoin-dən daha ciddi korreksiya keçirdiyini göstərir. Hazırda $1.900 Ethereum üçün kritik psixoloji və texniki səviyyəyə çevrilib. Qısamüddətli texniki xəritə:

  • $1,900 – əsas dəstək;
  • $1,880 – növbəti müdafiə zonası;
  • $1,935-1,940 – ilk ciddi müqavimət;
  • $1,960 – breakout üçün növbəti zona;
  • $2,000 – əsas psixoloji müqavimət;
  • $2,000 üzərində sabitləşmə isə daha böyük bərpa dalğasının başlanğıcı ola bilər.

       Son bazar analizlərində də ETH üçün $1,920 zonası yaxın dəstək, $1.970 isə strukturun bərpası üçün əsas müqavimət kimi göstərilir. Dəstəyin itirilməsi halında $1.880 səviyyələri növbəti risk zonalarıdır. Ethereum-un zəifliyi yalnız texniki faktorlarla izah olunmur. ETF axınları, Layer-2 ekosisteminin iqtisadiyyatı və Ethereum şəbəkəsindəki struktur dəyişiklikləri də investor sentimentinə təsir edir. Bununla yanaşı, birjalardakı ETH ehtiyatlarının azalması və yüksək staking payı uzunmüddətli perspektivdə müsbət faktor olaraq qalır.

Ən maraqlı siqnal: ETF-lər yenidən pul cəlb edir

        Hazırkı bazarın ən vacib elementlərindən biri ETF axınlarıdır. ABŞ-da spot Bitcoin və Ethereum ETF-lərinə son həftə ərzində ümumilikdə təxminən $1.1 milyard xalis kapital daxil olub. Bu, institusional investor marağının tamamilə yox olmadığını göstərir. Burada maraqlı paradoks yaranır: Pul bazara daxil olur, amma qiymət hələ ciddi şəkildə yüksəlmir. Bu iki cür şərh edilə bilər:

Birinci ehtimal: ETF-lər bazarın aşağı hissəsində akkumulyasiya aparır və daxil olan kapital satış təzyiqini absorbsiya edir.

İkinci ehtimal: Bazarda hələ kifayət qədər güclü spot tələb yoxdur və ETF axınları sadəcə mövcud satışları kompensasiya edir.

        Mən ikinci ehtimalı da hazırda ciddi nəzərə alardım. Çünki avqustun əvvəlində ETF tələbinin zəifləməsi BTC-nin $65,000-dan $62,000 ətrafına geri çəkilməsinin əsas səbəblərindən biri kimi göstərilmişdi. Həmin dövrdə ETF axınlarının mənfiyə dönməsi və spot bazar həcminin zəifləməsi BTC-dəki geriçəkilmənin təkcə texniki deyil, tələb tərəfli problem olduğunu göstərirdi. Deməli, ETF axınlarının bərpası müsbət siqnaldır, lakin hələ yeni bull trendin təsdiqi deyil.

Altseason hələ təsdiqlənməyib

Hazırkı strukturda kapitalın Bitcoin-dən altcoinlərə geniş şəkildə keçdiyini söyləmək hələ tezdir. Tarixən geniş altseason üçün üç mühüm siqnal vacibdir:

  1. BTC-nin güclü yüksəliş trendinə keçməsi;
  2. BTC dominance göstəricisinin davamlı azalması;
  3. ETH/BTC nisbətinin yüksəlməsi.

       2026-cı ildə Bitcoin dominance hələ yüksək səviyyələrdə qalır və bazarda kapitalın əhəmiyyətli hissəsi Bitcoin-də cəmlənir. Son həftələrdə ETH dominance-də müəyyən yaxşılaşma müşahidə olunsa da, bu hələ klassik altseason təsdiqi deyil. Bu baxımdan mənim üçün hazırda ən vacib indikatorlardan biri ETH/BTC olacaq. Əgər ETH Bitcoin-dən daha yaxşı performans göstərməyə başlayarsa, bu, bazarda risk iştahının artdığına dair daha güclü siqnal verə bilər.

Makro faktorlar bazarın istiqamətini müəyyən edir

         Əsas istiqamətləndirici faktor Federal Reserve Sisteminin (FES) monetar siyasətidir. FES-in faiz qərarları ilə yanaşı, ABŞ inflyasiyası, dolların gücü və istiqraz gəlirlilikləri riskli aktivlərə yönələn kapitalın qiymətləndirilməsində mühüm rol oynayır. İnflyasiyanın zəifləməsi və sentyabrda daha yumşaq siyasət gözləntilərinin güclənməsi BTC və ETH üçün müsbət katalizator ola bilər. Əksinə, yüksək inflyasiya və sərt FES mövqeyi kriptobazar üzərində təzyiqi artıra bilər. Bu səbəbdən bazarın əsas istiqamətvericiləri ETF kapital axınları, ABŞ inflyasiyası və FES-in faiz siyasəti olaraq qalır.

Qarşıdakı həftələr üçün 3 ssenari

Əsas ssenari – BTC $62.000-70.000, ETH $1.800-2.050 diapazonunda konsolidasiya edə və yeni katalizator gözləyə bilər.

Pozitiv ssenari – BTC $65.500-66.000 üzərində möhkəmlənər, ETF axınları davam edər və makro göstəricilər yaxşılaşarsa, ilk hədəf $70.000, daha sonra $75.000-85.000 zonası ola bilər.ETH üçün $2.000 üzərində möhkəmlənmə $2.200-2.500 zonasını gündəmə gətirə bilər.

Mənfi ssenari – BTC $64.000, xüsusilə $60.000 səviyyəsini itirərsə, $55.000-58.000 zonası yenidən gündəmə gələ bilər.ETH-də isə $1.800-dan aşağı hərəkət $1.600-1.700 risk zonasını aktuallaşdırar.

Bazar hansı istiqamətə gedir?

       Mövcud göstəricilərə əsasən mənim mövqeyim qısamüddətli neytral, orta müddətli isə ehtiyatlı pozitivdir. Bununla belə, yeni bull trendin başladığını demək üçün hələ əsas təsdiq siqnalları çatışmır. Bitcoin üçün $65.500–70.000 zonası bu baxımdan əsas qərar mərhələsidir: bu diapazonun həcm və real spot tələbi ilə aşılması bullish ssenarini gücləndirə, $60.000 səviyyəsinin itirilməsi isə bearish riski artıra bilər. Ethereum üçün əsas təsdiq $2.000 səviyyəsinin geri alınmasıdır. Bu səviyyənin üzərində möhkəmlənmə $2.200–2.500 zonasını gündəmə gətirə bilər. Lakin ETH-nin BTC-dən zəif performansı bu aktiv üzrə riskin daha yüksək qaldığını göstərir. Yəni hazırkı bazar yeni yüksəliş trendinin başlanğıcından çox, həmin trendin formalaşıb-formalaşmayacağının müəyyənləşdiyi mərhələdir. Bitcoin üçün $65.000 isə sadəcə qiymət səviyyəsi deyil, növbəti böyük hərəkətin istiqamətini müəyyən edə biləcək əsas qərar zonasıdır.

Müəllif: Elnur Quliyev

Leave a Reply