“Yaşıl Kart” sığortası nədir?

      Son zamanlar xarici ölkələrə öz avtomobili ilə səfərə çıxan şəxslərlə bağlı tez-tez rast gəldiyimiz suallardan biri də xaricdə avtomobil qəzası baş verdiyi zaman sığorta ödənişlərinin hansı formada həyata keçirilməsidir. Yəqin ki, bu barədə düşünsək də dəqiq cavabı növbəti araşdırmamdan sonra biləcik. Başlayaq!

   Bildiyimiz kimi istənilən ölkənin ərazisinə avtomobil ilə daxil olarkən elə sərhəddəcə avtomobilin icbari sıgorta edilməsi tələb edilir. Bu zaman yaxşı olar ki, səfərə çıxmazdən əvvəl avtomobiliniz üçün “Yaşıl Kart” sığortasını əldə edəsiniz. Bu sizin səfər müddətində sənədləşmə işinizi asanlaşdıracaq və sərhəddə əlavə xərclərdən azad edəcəkdir. Bəs “Yaşıl Kart” nədir?

 0b87e1ca5433d1414c214c225d8d6b09     Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında beynəlxalq sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Belə ki, bu sistemə üzv olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanır. Yəni, səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsi təmin olunur.

Zelenaya-karta-na-avtomobilMahiyyət etibarı ilə, Yaşıl Kart sığortası standart avtoməsuliyyətin icbari sığortası növü ilə oxşardır, belə ki hər iki sığorta növü avtonəqliyyat vasitəsinin sahibinin üçüncü şəxs (və ya şəxslər) qarşısında mülki məsuliyyətini sığortalayır. Sığortaolunan üçün bu iki sığorta növünün başlıca fərqi birinin ölkə ərazisində, digərinin isə beynəlxalq miqyasda qüvvədə olmasındadır. Avtoməsuliyyətin icbari sığortasında olduğu kimi, Yaşıl Kart da sahibinə ödədiyi nisbətən kiçik sığorta haqqı müqabilində daha böyük məbləğlərdə sığorta təminatı təqdim edir.

      “Yaşıl Kart” sistemi çərçivəsində vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə sistemə üzv ölkələrin hər birində Yaşıl Kart Büroları təsis edilmişdir. Bu Bürolar xarici avtonəqliyyat vasitəsi sürücülərinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və ya əmlakına zərər dəymiş üçüncü şəxslərə vurulan zərərlərin əvəzinin hadisə baş verən ölkədə sığorta ödənişinin veriləcəyi barədə təminat verir. Azərbaycanda Yaşıl Kart bürosunun funksiyalarını İcbari Sığorta Bürosu yerinə yetirir.

Səfərə çıxmazdan öncə vətəndaşlar İcbari Sığorta Bürosunun müvafiq reyestrinə daxil edilmiş sığorta şirkətlərinə müraciət edərək “Yaşıl Kart” sığortasını – Azərbaycan Yaşıl Kartını əldə edə bilərlər. “Yaşıl Kart” sisteminə daxil olan ölkələrə səfər edən sürücülər Azərbaycanı tərk edərkən sərhəddə gömrük orqanları tərəfindən müvafiq “Yaşıl Kart” sığortasının olub-olmaması ilə bağlı yoxlanışdan keçir. Əgər sığorta öncədən əldə edilməyibsə bu halda onu yerindəcə, orada fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndəliklərindən əldə etmək lazım gələcək. Xatırladım ki, marşrutu Gürcüstandan keçən Azərbaycan Yaşıl Kartı sahibləri bilməlidirlər ki, Gürcüstan “Yaşıl Kart” sisteminin üzvü olmadığından sürücülər bu ölkənin ərazisinə daxil olarkən yerli sığorta şirkətinin icbari sığorta müqaviləsini əldə etməlidirlər. Hazırda minik avtomobilləri üçün 15 günlük icbari sığorta haqqı 30 lari (20 AZN) təşkil edir.

yashil kart

   Yaşıl Kart Sistemi 1949-cu ildə BMT-nin Avropa İqtisadi Komisiyasının (UNECE) tövsiyyəsi (BMT-nin Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyat Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupu tərəfindən təsdiqlənmiş 5 saylı Tövsiyyə) əsasında təsis edilmiş və 1 yanvar 1953-cü il tarixindən tədbiq olunmağa başlamışdır. Hazırda sistemə 48 ölkə – Avropanın bütün ölkələri, Azərbaycan, Rusiya, İsrail, Mərakeş, Tunis və İran üzvdür. 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunub və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib.

     “Yaşıl Kart” üzrə sığorta haqqı 3 faktordan aslıdır: nəqliyyat vasitəsinin növündən, səfər edilən ölkədən və səfərin müddətindən aslı olaraq dəyişir. “Yaşıl Kart” sistemi üzrə sığorta kalkulyatorudan istifadə etməklə özünüz hesablaya bilərsiniz.

 

Müəllif: Elnur Quliyev

Leave a Reply