Mayın 16-17 tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə Boulevard Oteldə FİNTEX SAMMİT keçiriləcək. Sammit ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində baş tutacaq.
Sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir. Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradacaq.
Tədbirdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində 4 panel üzrə 53 məruzəçinin çıxışı nəzərdə tutulub.
Tədbir haqqında ətrafılı: https://www.gbmevents.az/az/events