“Play Magnus Group” və FTX kriptovalyuta birjasının birgə təşkilatçılığı ilə 23-31 may tarixlərində keçirilən “FTX Crypto Cup” adlı şahmat turnirinin mükafat fonduna bitcoin daxil edilib. Onlayn formatda təşkil olunan turnirdə Azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilə birgə “TOP 10”-a daxil olan ulduz şahmatçılar mübarizə aparacaq. Ümumi mükafat fondunun dəyəri 320.000 USD təşkil edir. Mükafatın 220.000 USD olan hissəsi nağd, 100.000 USD olan hissəsi isə bitcoin ilə qalibə təqdim ediləcək.
Turnirdə şahmat üzrə dünya çempionu norvecli Maqnus Karlsen və Azərbaycanlı şahmatçılardan əlavə 13 şahmatçı Maksim Vaşye-Laqrav (Fransa), Dinq Liren (Çin), Hikaru Nakamura, Fabiano Karuana, Vesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Danil Dubov, Pyotr Svidler (Rusiya), levon aronyan (ermənistan), Aniş Qiri (Niderland), Əlirza Firuzca (FIDE), Alan Piçot (Argentina) iştirak edəcək. Turnir haqqında əlavə məlumatı championschesstour.com və chess24.com saytlarında əldə etmək olar. FTX Crypto Cup onlayn rejimdə TV2, Eurosport kanallarında və Twitch, YouTube platformasında translasiya ediləcək.
Müəllif: Elnur Quliyev


