“Startap” şəhadətnaməsi nədir?

“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu ilə eynilik təşkil etməyən məhsul istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsinin verdiyi əsas üstünlüklər:

  1. Vergi güzəştləri.
    • “Startup şəhadətnaməsi” almış hüquqi şəxslər və fərdi sahibkarlar 3 il müddətinə mənfəət vergisindən (və ya gəlir vergisindən) azaddırlar.
    • Bu, xüsusilə erkən mərhələdə fəaliyyət göstərən fintex startaplar üçün maliyyə yükünü azaldır, vəsaitlərin yenidəninvestisiyasını təşviq edir.
  2. Dövlət sifarişlərinə çıxış imkanı.
    • Şəhadətnaməyə malik startaplar dövlət satınalmalarında müəyyən güzəştlərlə iştirak edə bilərlər (məsələn, tender tələblərinin sadələşdirilməsi).
  3. İnvestor cəlbi və imic üstünlüyü.
    • Rəsmi statusa malik olmaq investorlar üçün startapın etibarlılığını və şəffaflığını göstərir.
    • Bu da yerli və xarici sərmayələrin cəlb edilməsini asanlaşdırır.
  4. İnkubasiya və akselerasiya proqramlarına prioritet çıxış.
    • Startap şəhadətnaməsi olan layihələr KOBİA, INNOLAND, SABAH.Hub və digər mərkəzlər tərəfindən keçirilən proqramlarda prioritetləşdirilir.

“Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”-na əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) tərəfindən verilir. “Startap” (startup) şəhadətnaməsini əldə etmək üçün müraciətə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında KOBİA “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və müstəqil ekspertlər təmsil olunur.

Müraciətlər KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) təqdim edilməlidir. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlarla bu linkdə tanış olmaq olar.

“Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə dair meyarlar aşağıdakılardır: 

  • mikro və ya kiçik sahibkarlıq subyekti olması; 
  • orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması; 
  • rezident vergi ödəyicisi olması.

Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır: 

  • məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması; 
  • innovativ təşəbbüsə əsaslanan olması:  1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması; 2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması; 
  • rəqabətqabiliyyətli olması; 
  • qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması; 
  • digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply