Mərkəzi Bank oktyabrın 29-u uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması barədə qərar qəbul edib. Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında çıxışı zamanı manatın məzənnəsinə heç bir təhdid və təzyiqin olmadığını açıqlayıb.
Elman Rüstəmov: “Bu il neft qiymətləri yüksəkdir. Azərbaycanın ixracı, o cümlədən qeyri-neft ixracı artır. Biz 2021-ci ilin sonunda tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bütün beynəlxalq təşkilatlar neft qiymətləri üzrə proqnozlarını artırıblar. Azərbaycanın yeni makro-iqtisadi proqnozları və 2022-ci ilin dövlət büdcəsi neftin qiyməti 50 dollar götürülərək hesablanmışdır. Bütün hesablamalar Manatın mövcud məzənnəsi ilə (dollar/manat – 1.7) aparılıb. Nə bu il, nə də gələn il üçün manatın dəyərdən düşməsi istiqamətində heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm.”
Elman Rüstəmov həmçinin rəqəmsal manatın yaradılması ilə bağlı açıqlama verərəkən “Biz bu istiqamətdə bir sıra ölkələrlə, onların Mərkəzi Bankları ilə əməkdaşlıq qurmuşuq. Bununla bağlı bir layihə mövcuddur. Biz hiss edirik ki, bu perspektivli istiqamətdir. Hər keçən gün daha çox sayda Mərkəzi Banklar bu istiqamətdə çalışırlar. Bəziləri isə öz konsepsiyalarını yaradıblar. Biz də ilkin addımda bu konsepsiyanı yaratmaq fikrindəyik. Bu, növbəti illərdə planlaşdırdığımız mühüm layihələrdən biridir” – deyib.
Baş bankirin sözlərinə əsaəsn Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 84%-ndə təklif tələbi üstələyib. E. Rüstəmov: “Cari ildə keçirilmiş 81 valyuta hərracında cəmi 4,9 milyard dollar satılıb ki, bu da orta hesabla hər hərracda 60 milyon dollar satışın olduğu deməkdir. İlin qalan dövründə keçiriləcək hərraclarda satış üçün qalan vəsait 2,4 milyard dolllar təşkil edir, bu da qalan hər hərraca orta hesabla 130 milyon dollar satış imkanının olduğu deməkdir. Bugünə Dövlət Neft Fondunun qənaəti, yəni qrafikdən geri qalması 1,2 milyard ABŞ dollarını üstələyir.”

